Zamin Zəki – ictimai fəal Həbs olunub: 9 aprel 2025 İttiham: 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, külli miqdarda törədildikdə); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313 (Vəzifə saxtakarlığı) maddələri.
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi 09 aprel 2025-ci il tarixdə qərardad çıxarıb: müstəntiqin həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti təmin edilsin və Zamin Zəki barəsində 3 ay 4 gün müddətinə həbs qətimkan tədbiri seçilsin.
İstintaq zamanı həbsdə saxlanma müddəti sonradan artırılıb.
Hökm: 11 mart 2026-cı il tarixdə Bakı Şəhər Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb: Zamin Zəki təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hakim: Elmin Rüstəmov Saxlanılan yer: Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki 1 saylı İstintaq Təcridxanası Nəticə: 2025-ci ilin mart ayının əvvəlində hökumətyönlü KİV-lər Azərbaycanda əvvəlki illərdə Qərbdən beynəlxalq donorlar hesabına qrant almış qeyri-hökumət təşkilatlarına qarşı Baş Prokurorluğun cinayət işi başlandığını elan etmişdilər.
Baş Prokurorluğun məlumatına görə, beynəlxalq təşkilatlar adından alınan qrantlardan vəsait əhalinin həssas qruplarının “hüquqi müdafiəsi” adı ilə “ictimai-siyasi sabitliyin pozulmasına”, o cümlədən müharibə əleyhinə ideologiyanın təbliğinə, LGBT təbliğatına və digər “ultra-liberal düşüncələrə” qarşı yönəldilib.
2025-ci il aprelin 9-da Gəncə Regional İctimai Mərkəzinin rəhbəri Asəf Əhmədov və ictimai fəal, sosial məsələlər üzrə ekspert Zamin Zəki saxlanılaraq Azərbaycan Baş Prokurorluğuna, İstintaq İdarəsinə aparılıb.
Saxlanma bu repressiya kampaniyası çərçivəsində həyata keçirilib.
Onlara “QHT işi” deyilən işdə əli olduqları və iqtisadi cinayətlərdə ittiham olunduqları bildirilib.
Fəalın vəkili Günay İsmayılova mətbuata açıqlamasında müdafiə etdiyi şəxsin ittihamları rədd etdiyini və ictimai fəaliyyətinə görə təqib olunduğunu bildirib.
İsmayılova əlavə edib ki, müdafiə tərəfi bəraət hökmünün çıxarılmasında israrlıdır və buna görə də hökmlə razılaşmayıb və ondan apellyasiya şikayəti verəcək.
Hüquqşünas qeyd edib: “Qrantlardan istifadənin “çirkli pulların yuyulması” kimi təsnifatı əsassızdır, çünki bu vəsaitlər vətəndaş cəmiyyəti üçün maliyyə yardımı olub.
Digər tərəfdən, qrantlar qeydə alınmasa belə, bu, yalnız cərimə şəklində inzibati cəza ilə nəticələnəcəkdi”.76