Ali Məhkəmə İqbal Əbilovun 18 illik həbs hökmünü qüvvədə saxladı
İyunun 11-də Ali Məhkəmədə talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun kassasiya şikayətinə baxılıb. Məhkəmə aşağı instansiya məhkəmələrinin çıxardığı hökmü dəyişdirməyərək qüvvədə saxlayıb.
Yaxınlarının yaydığı məlumata görə, İqbal Əbilov məhkəmə iclasında Azərbaycan dilindən talış dilinə tərcüməçi ilə təmin olunması barədə vəsatət qaldırıb. O, bunu təqsirləndirilən şəxs kimi anladığı dildə tərcüməçi ilə təmin olunmaq hüququna malik olması ilə əsaslandırıb. Hakimlər kollegiyası vəsatəti təmin etməyib.
Bundan sonra Əbilov məhkəmədə geniş çıxış etməkdən imtina edib. O, ingilis dilində qısa bəyanat verərək bütün insanların, etnik qrupların və dillərin bərabərliyinə inandığını bildirib və tərcüməçi verilməməsi qərarına etiraz edib.
Məhkəmə prosesində dövlət ittihamçısı Azərbaycanda etnik ayrı-seçkiliyin olmadığını bildirib. İclasda sədrlik edən hakim İlkin Rəcəbov da bu mövqeyi dəstəkləyərək özünün talış əsilli olduğunu qeyd edib.
Müdafiə tərəfi İqbal Əbilov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib. Lakin Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib və onun 18 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü qüvvədə saxlayıb.
Belarusda yaşayan tədqiqatçı İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana səfəri zamanı saxlanılıb. Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.
İstintaq və ittiham tərəfi Əbilovun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini və Azərbaycanda milli zəmində qarşıdurma yaratmağa cəhd göstərdiyini iddia edir.
İqbal Əbilov və onun müdafiəçiləri ittihamları qəbul etmirlər. Onun Hüquqlarını Müdafiə Komitəsi bildirib ki, tədqiqatçı heç bir siyasi fəaliyyətdə iştirak etməyib və cinayət təqibi elmi və mədəni fəaliyyəti ilə bağlıdır.
Bir sıra beynəlxalq insan haqları təşkilatları və BMT-nin bəzi xüsusi məruzəçiləri İqbal Əbilovu siyasi məhbus kimi tanıdıqlarını açıqlayıblar.


