Hesabatlar

Əli Kərimlinin France 24 müsahibəsi hakimiyyətin sərt reaksiyasına səbəb oldu – telefon hüququ məhdudlaşdırılıb

Hörümcək 17.06.2026 🕒 3 dəq oxuma

AXCP sədri Əli Kərimli saxlanıldığı DTX təcridxanasında təzyiqlərlə üzləşdiyini bildirib. O, ailəsinə göndərdiyi açıqlamada iddia edib ki, xarici mediaya müsahibə verməsindən sonra saxlanma şəraiti ağırlaşdırılıb və ailəsi ilə telefon əlaqəsi saxlamaq hüququ məhdudlaşdırılıb.

Əli Kərimlinin ailəsinin məlumatına görə, siyasətçi son günlər artıq ikinci dəfədir ki, telefon danışığı hüququndan istifadə edə bilmir. O, iyunun 16-da vəkili ilə görüş zamanı bu məhdudiyyətlərin təsadüfi olmadığını deyib.

AXCP sədri bildirib ki, ailəsi ilə telefon danışıqları zamanı yerli və xarici media nümayəndələrinin suallarını cavablandırması təcridxana rəhbərliyinin narazılığına səbəb olub. Onun sözlərinə görə, xüsusilə Fransanın “France 24” kanalına verdiyi müsahibədən sonra münasibət dəyişib.

“Mənim saxlanma şəraitim əvvəldən sərt idi. Lakin “France 24”ə verdiyim müsahibədən sonra vəziyyət daha da çətinləşdirilib. Ailəmlə telefon əlaqəsinə imkan verilməməsi də diktə etdiyim yazılarla bağlıdır”, – Əli Kərimli bildirib.

O, təzyiqlərə baxmayaraq siyasi mübarizəsindən geri çəkilməyəcəyini qeyd edib:

“Heç bir təzyiq və çətinlik qarşısında azadlıq, ədalət və əqidəm uğrunda mübarizədən vaz keçmərəm”.

Müsahibə parlament səviyyəsində də müzakirəyə çıxarıldı

Əli Kərimlinin “France 24” müsahibəsi hakimiyyət daxilində də sərt reaksiyaya səbəb olub. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası məsələ ilə bağlı açıqlama yayıb.

Açıqlamada Fransa mediasında bəzi müxalifət nümayəndələrinə yer verilməsi “Azərbaycanın daxili işlərinə müdaxilə” kimi qiymətləndirilib və xarici mediada ölkə ilə bağlı “mənfi imic formalaşdırıldığı” iddia olunub.

Tənqidçilər isə hesab edirlər ki, xarici medianın suallarını cavablandıran müxalifət liderinə qarşı belə reaksiyalar hakimiyyətin tənqidi fikrə dözümsüz yanaşdığını göstərir. Onların fikrincə, siyasi mövqeyindən asılı olmayaraq hər bir şəxsin öz fikrini ifadə etmək və beynəlxalq media ilə əlaqə saxlamaq hüququ qorunmalıdır.

Əli Kərimlinin tərəfdarları baş verənləri siyasi təzyiq kimi qiymətləndirir və bildirirlər ki, hakimiyyət tənqidi səsləri məhdudlaşdırmaqla ölkədə söz və ifadə azadlığı ilə bağlı narahatlıqları daha da artırır.

Rəsmi qurumlar isə bu kimi ittihamları qəbul etmir və bildirirlər ki, hüquqi proseslər qanunvericiliyin tələblərinə uyğun aparılır.

Paylaş:

Əlaqəli Məqalələr