Qarabağ qaziləri həbsdə olan jurnalistin səhhəti ilə bağlı çağırış edib
Qarabağ qazilərindən ibarət müdafiə komitəsi həbsdə olan jurnalist Vüqar Məmmədovun səhhətinin ağırlaşması ilə bağlı bəyanat yayıb.
Bəyanatda Vüqar Məmmədovun 9 aydır əsassız ittihamlarla həbsdə saxlanıldığı və sağlamlıq vəziyyətinin kritik həddə çatdığı bildirilib. Komitə üzvləri onun tibbi xidmətlə təmin olunmamasından və penitensiar müəssisənin tibb məntəqəsinə köçürülməməsindən ciddi narahatlıq ifadə ediblər.
Müdafiə komitəsi Vüqar Məmmədovun həbsinin sifarişli olduğunu, onun ictimai mövqeyinə və problemləri açıq şəkildə dilə gətirməsinə görə təqib edildiyini iddia edib.
Bəyanatda qeyd olunub ki, məsələ ilə bağlı Penitensiar Xidmətə dəfələrlə elektron qaydada müraciət edilsə də, cavab verilməyib.
Komitə Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə müraciət edərək Vüqar Məmmədovun tibbi müayinədən keçirilməsini, müalicə olunmasını və tibb müəssisəsinə köçürülməsini tələb edib.
Bəyanatı Qarabağ müharibəsi qazisi və komitənin baş katibi Məğrur Bədəlsoy imzalayıb.


