Bəhruz Səmədov Ali Məhkəmədə özünə xəsarət yetirdi: kassasiya şikayəti təmin olunmadı

Həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov sentyabrın 25-də Ali Məhkəmədə keçirilən proses zamanı özünə xəsarət yetirib.
Məlumata görə, məhkəmə iclasında elan edilən fasilə zamanı Səmədov sağ qoluna bir neçə yerdən xəsarət yetirib. O, bu addımını qanunsuz hesab etdiyi həbsinə və saxlanma rejiminin ağırlaşdırılmasına etirazla əlaqələndirib.
Prosesin sonunda Bəhruz Səmədovun kassasiya şikayəti təmin edilməyib.
Səmədov bundan əvvəl də həbs şəraitinin fiziki və psixoloji sağlamlığına ciddi təsir etdiyini bildirib. O, Umbakı Penitensiar Kompleksində dar və qapalı şəraitdə saxlanıldığını, kifayət qədər günəş işığı və açıq havaya çıxışının olmadığını, gözlərində və dərisində yaranmış problemlərin ağırlaşdığını deyib. Avqust ayında yaxınları vasitəsilə yaydığı məlumatda Səmədov saxlanma şəraitinin dəyişdirilmədiyi təqdirdə özünə xəsarət yetirə biləcəyi barədə xəbərdarlıq etmişdi.
Onun vəkili Zibeydə Sadıqova da əvvəlki məhkəmə proseslərində Səmədovun səhhətində ciddi problemlərin olduğunu, cərimə kamerasına salındığını və saxlanma rejiminin ağırlaşdırıldığını bildirib. Ali Məhkəmə mayın 21-də onun daha sərt rejimli Umbakı həbsxanasına köçürülməsi ilə bağlı şikayətini də təmin etməmişdi.
Bəhruz Səmədov 21 avqust 2024-cü ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 274-cü – dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürülüb. İstintaq orqanı onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini iddia edib. Səmədov ittihamları rədd edərək həbsini elmi, ictimai və sülh fəallığı ilə əlaqələndirib. Azərbaycan hökuməti isə BMT-yə təqdim etdiyi rəsmi cavabda onun dövlətə xəyanət əməlləri törətdiyini və cinayət işi üzrə prosessual hüquqlarının təmin edildiyini bildirib.
23 iyun 2025-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Bəhruz Səmədovu 15 il müddətinə azadlıqdan məhrum edib. Çexiyanın Karl Universitetində siyasi elmlər üzrə doktorant olan Səmədovun işi beynəlxalq akademik və hüquq müdafiə təşkilatlarının da diqqətindədir.
“Amnesty International” onun qapalı rejimli müəssisəyə köçürüldükdən sonra sağlamlığının əhəmiyyətli dərəcədə pisləşdiyini və zəruri tibbi yardıma çıxışla bağlı problemlər yaşadığını bildirib.
Sentyabrın 18-də İsveç Elmlər Akademiyası və digər akademiyaların İnsan Hüquqları Komitəsi də Azərbaycan hakimiyyətinə müraciət edərək Səmədovun azad edilməsinə çağırıb. Müraciətdə onun həbsdə ağır şəraitdə saxlanıldığı, tibbi yardıma çıxışının yetərli olmadığı və fiziki-psixoloji vəziyyətinin pisləşdiyi barədə məlumatlardan narahatlıq ifadə olunub.
Ali Məhkəmədə sentyabrın 25-də baş verən hadisədən sonra Səmədovun səhhətinin vəziyyəti və ona hansı tibbi yardımın göstərilməsi barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Penitensiar Xidmət də onun özünə xəsarət yetirməsinin səbəbləri ilə bağlı səsləndirdiyi iddialara münasibət bildirməyib.

