Xəbərlər

Beynəlxalq təşkilatlardan Aytac Tapdıqla bağlı çağırış: Təcili tibbi yardım göstərilsin

Hörümcək 25.08.2026 🕒 3 dəq oxuma

“Human Rights Watch” (HRW) və Beynəlxalq Mətbuat İnstitutu (IPI) həbsdə olan “Meydan TV” jurnalisti Aytac Tapdığın (Əhmədova) səhhəti ilə bağlı ciddi narahatlıq ifadə edərək Azərbaycan hakimiyyətinə çağırış ediblər.

Təşkilatlar bildirirlər ki, jurnalistin səhhətində ciddi problemlər olmasına baxmayaraq, onun mütəxəssis müayinəsinə və zəruri diaqnostik prosedurlara çıxışı təmin edilmir.

HRW-nin məlumatına görə, Aytac Tapdıq burun çəpərinin əyriliyi və xroniki nəfəs darlığından əziyyət çəkir. Ailəsi və vəkilinin bildirdiyinə görə, həbs şəraitində onun nəfəsalma problemi ağırlaşıb və jurnalist 20 ay ərzində 80 qutu burun açıcı spreydən istifadə edib.

Təşkilat qeyd edir ki, Penitensiar Xidmətin ştatında qulaq, burun və boğaz (LOR) mütəxəssisi yoxdur. Vəkilin Ədliyyə Nazirliyinə müraciətinin cavabsız qaldığı, MRT və KT müayinələrinin keçirilməsi ilə bağlı müraciətlərin təmin edilmədiyi bildirilir. Jurnalistə əvvəlki tibbi müayinələrin nəticələrinin də təqdim olunmadığı qeyd edilir.

IPI isə vəziyyətin daha ciddi olduğunu bildirərək Aytac Tapdığın təcili əməliyyata ehtiyacının olduğunu, lakin lazımi tibbi yardımdan məhrum edildiyini açıqlayıb.

HRW Azərbaycan hakimiyyətini jurnalistin dərhal uyğun tibbi yardımla təmin edilməsinə və onun sağlamlıq vəziyyəti ilə bağlı məlumatların özünə və vəkilinə təqdim olunmasına çağırıb.

Təşkilat eyni zamanda Aytac Tapdıq və digər həbsdə olan jurnalistlərə qarşı ittihamların geri götürülməsini və onların azadlığa buraxılmasını tələb edib. Avropa İttifaqı və Avropa Şurasına da məsələni Azərbaycan hakimiyyəti qarşısında açıq şəkildə qaldırmaq çağırışı ünvanlanıb.

HRW-nin məlumatında Aytac Tapdığın saxlanma şəraiti ilə bağlı əvvəlki şikayətlərə də diqqət çəkilib. Bildirilir ki, fevralın 18-də jurnalist və həbsdə olan həmkarları Aysel Ümüdova və Xəyalə Ağayeva kameraya qəfil basqın zamanı fiziki zorakılığa məruz qalıblar.

Aytac Tapdıq 2024-cü il dekabrın 6-da “Meydan TV”nin digər əməkdaşları ilə birlikdə həbs olunub. Hazırda ona qaçaqmalçılıq və müxtəlif maliyyə cinayətləri də daxil olmaqla Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.

Jurnalist ittihamları qəbul etmir və həbsini müstəqil mediaya qarşı təzyiqlərlə əlaqələndirir.

Avropa Şurasının Jurnalistlərin Təhlükəsizliyi Platformasının məlumatına görə, hazırda Azərbaycanda 39 jurnalist həbsdədir. “Meydan TV işi” üzrə məhkəmə prosesi davam edir.

Paylaş:

Əlaqəli Məqalələr