CPJ: “Toplum TV” işi üzrə ağır cəza tələbləri mediada qorxu yaratmaq məqsədi daşıyır
Beynəlxalq mətbuat azadlığı təşkilatı Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Toplum TV işi” üzrə dövlət ittihamçısının tələb etdiyi ağır cəzalara münasibət bildirib.
CPJ iyunun 10-da yaydığı bəyanatda Azərbaycan hakimiyyətini iş üzrə həbs olunan şəxslərə qarşı ittihamlara son qoymağa və onları azad etməyə çağırıb.
Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib ki, prokurorların “Toplum TV” ilə əlaqələndirilən şəxslər üçün tələb etdiyi uzunmüddətli həbs cəzaları mediaya qarşı təzyiqlərin göstəricisidir.
“Prokurorların “Toplum TV” ilə əlaqələndirilən doqquz nəfər üçün tələb etdiyi həddindən artıq ağır həbs cəzaları göstərir ki, prezident İlham Əliyevin mediaya qarşı təzyiqləri qorxu mühiti yaratmağa və cəsarətli jurnalistikaya görə qisas almağa yönəlib”, – CPJ nümayəndəsi qeyd edib.
CPJ Azərbaycan hakimiyyətini “Toplum TV” işi üzrə təqibləri dayandırmağa və həbsdə olan jurnalist və media əməkdaşlarını azad etməyə çağırıb.
Qeyd edək ki, iyunun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov çıxış edərək təqsirləndirilən şəxslər üçün cəza istəyib.
Prokuror Akif Qurbanov və Ruslan İzzətli üçün 16 il, Ələsgər Məmmədli üçün 15 il, Ramil Babayev və İlkin Əmrahov üçün 14 il, Əli Zeynal üçün 15 il, Müşfiq Cabbar üçün 14 il, Fərid İsmayılov və Elmir Abbasov üçün isə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası təklif edib. Həmçinin onların 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməsi istənilib.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi başlanıb. Həbs olunanlar arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, eləcə də Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, Əli Zeynal və İlkin Əmrahov var.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəl ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyəti və ictimai mövqeləri ilə bağlı olduğunu bildirirlər.


