Xəbərlər

“Meydan TV işi” üzrə məhkəmə tərkibi tam dəyişdirildi

Hörümcək 10.06.2026 🕒 2 dəq oxuma

“Meydan TV işi” üzrə məhkəmə prosesində hakim heyəti tamamilə dəyişdirilib. Vəkillərin məlumatına görə, əvvəlcə yalnız sədrlik edən hakimin dəyişdiyi bildirilsə də, sonradan hər üç hakimin yenisi ilə əvəz olunduğu məlum olub.

Yeni tərkibə hakim Zaur Hacıyev sədrlik edəcək. Digər hakimlər isə Azər Tağıyev və Roman Ələkbərli təyin olunublar. İşə bundan əvvəl hakim Aytən Əliyeva rəhbərlik edirdi. O, may ayında Bakı Apellyasiya Məhkəməsinə hakim təyin olunub.

Təqsirləndirilən jurnalistlərdən Ramin Dekonun vəkili Nemət Kərimli bildirib ki, qanunvericiliyə əsasən, yalnız bir hakimin dəyişməsi halında yeni hakim məhkəmə protokolları ilə tanış olduqdan sonra proses davam etdirilə bilər. Onun sözlərinə görə, bütün hakim heyətinin dəyişdirilməsi məhkəmənin yenidən başlanması məsələsini gündəmə gətirir.

Jurnalist Aysel Ümüdovanın vəkili Rövşanə Rəhimli də hesab edir ki, bu halda prosesin əvvəldən başlaması ehtimalı var. Müdafiə tərəfi məhkəmənin yenidən başlanmasına etiraz edəcəyini və yeni hakimlərin əvvəlki iclasların protokolları ilə tanış olduqdan sonra prosesin davam etdirilməsini tələb edəcəyini açıqlayıb.

“Meydan TV işi” üzrə son məhkəmə iclası apreldə keçirilib. Sonrakı iclaslar müxtəlif səbəblərlə təxirə salınıb.

Bu iş üzrə Meydan TV-nin bir neçə əməkdaşı və media ilə əməkdaşlıq edən jurnalistlər müxtəlif ittihamlarla həbs olunublar. Təqsirləndirilən şəxslər ittihamları rədd edir, həbsin peşə fəaliyyətləri və jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirirlər.

Paylaş:

Əlaqəli Məqalələr