Orxan Adlğözəl: “Əvvəl mən, sonra məndən sonra sən” məqaləsi”
“Heç bir əlilliyi olmayan insanların bu qədər problemi var, siz nə istəyirsiniz e?”
Azərbaycanda əlilliyi olan insanların hüquqları, gündəlik çətinlikləri və ya sosial problemləri müzakirə ediləndə bu cümləni eşitməmək demək olar ki, mümkün deyil. İlk baxışdan bu fikir məntiqli görünə bilər. Axı ölkədə işsizlik də var, yoxsulluq da, bahalaşma da, mənzil problemi də.
Di gəl ki, məsələni bir qədər dərindən təhlil etdikdə ortaya tamam başqa mənzərə çıxır. Bu cümlə, əslində, problemləri müqayisə etmir. O, bir qrup insanın hüquqlarını digər qrupun problemləri ilə rəqabətə çıxarır. Bunun nəticəsində isə cəmiyyətdə təhlükəli bir düşüncə formalaşır: guya əlilliyi olan insanlar gözləməlidirlər, onların növbəsi sonra gələcək.
Problemlər yarış deyil axı.
Sosial siyasətdə “problemlərin iyerarxiyası” anlayışı yoxdur. Bir qrupun hüququnun təmin edilməsi digər qrupun hüququnun əlindən alınması demək deyil.
Məsələn, şəhərdə piyada keçidləri təhlükəlidirsə, bu ancaq əlil arabası istifadə edən insanın problemi deyil. Bu, yaşlı insanın da, uşaq arabası sürən ananın da, görmə zəifliyi olan şəxsin də, adi piyadanın da problemidir.
Eyni qayda ilə ictimai nəqliyyatın əlçatan olması təkcə əlilliyi olan insanların deyil, minlərlə digər insanın həyatını asanlaşdırır.
İnkişaf etmiş ölkələr məhz buna görə “universal dizayn” prinsipini tətbiq edirlər. Çünki inklüziv mühit azlıq üçün deyil, bütöv cəmiyyət üçün qurulur.
Bəs bu düşüncə necə formalaşır?
Bu cür reaksiyalar təsadüf nəticəsində yaranmır. Uzun illər ərzində insanlar problemlərə hüquq prizmasından deyil, resurs qıtlığı prizmasından baxmağa alışdırılır. Hə, məhz öyrəşdirilir.
Belə mühitdə vətəndaşa dolayı yolla belə mesaj ötürülür:
“Dövlətin imkanları məhduddur. Hamıya çatmır. Kiminsə problemini həll etsək, başqasının haqqı azalacaq”.
Bu yanaşma camaatın diqqətini əsas sualdan uzaqlaşdırır:
Niyə bu qədər problem eyni vaxtda həll olunmur?
Beləliklə, müzakirə idarəetmənin keyfiyyətindən yox, müxtəlif sosial qrupların bir-biri ilə müqayisəsindən ibarət olur.
“Parçala, hökm et” mexanizmi
Sosiologiyada bunun müxtəlif formaları təsvir olunur: cəmiyyət daxilində narazılığın struktur səbəblərdən yayındırılaraq müxtəlif qruplar arasında yönləndirilməsi.
Belə hallarda insanlar dövlət siyasətinin effektivliyini müzakirə etmək əvəzinə bir-birinə irad tutmağa başlayırlar. Dərəbəylik belə yaranır da.
Bir tərəf deyir:
— Müəllimlərin maaşı azdır.
Digəri cavab verir:
— Həkimlərin vəziyyəti daha pisdir.
Başqa biri əlavə edir:
— Pensiyaçılar daha çox əziyyət çəkir.
Əlilliyi olan insanlar problemlərini qaldıranda isə deyilir:
— Sağlam insanların bu qədər dərdi var.
Hələ əlilliyi olan şəxslər arasında da oxşar qütbləşmə yaranır.
Gözdən əlilliyi olan deyir ki, “bizim halımız digərlərinin vəziyyətindən daha ağırdır. Bizə daha çox diqqət göstərilməlidir”.
Nəticədə heç kimin problemi sistemli şəkildə həll olunmur. Sadəcə müxtəlif sosial qruplar bir-birinin arqumentini zəiflətməyə çalışırlar.
Bu halda ən çox zərər görənlərdən biri məhz əlilliyi olan insanlardır.
Əlillik adi sosial çətinlik deyil.
Əgər iki nəfər eyni gəlirə malikdirsə, onlardan biri əlilliyi olan şəxsdirsə, onun gündəlik xərcləri, fiziki maneələri və asılılıqları, adətən, daha çox olur.
Əlçatan olmayan bina…
Lift olmayan yaşayış evi…
Pandussuz dövlət idarəsi…
Uyğun olmayan avtobus…
Əlçatan olmayan iş yerləri…
Reabilitasiya xərcləri…
Texniki vasitələrin baha olması…
Bütün bunlar əlilliyi olan insan üçün yoxsulluğu daha da dərinləşdirən amillərdir.
İqtisadçılar bunu “əlilliyin əlavə dəyəri” (extra costs of disability) kimi xarakterizə edirlər. Yəni eyni həyat səviyyəsini qorumaq üçün əlilliyi olan şəxs çox vaxt daha çox resurs sərf etməli olur.
Bu səbəbdən onların problemlərini ümumi sosial problemlərlə eyniləşdirmək düzgün yanaşma deyil.
Düşüncənin başqa təhlükəli nəticəsi də sosial məsuliyyətin zəifləməsidir.
İnsanlar getdikcə başqasının problemini dinləmək əvəzinə onun niyə danışmamalı olduğunu izah etməyə başlayırlar.
Belə cəmiyyətlərdə insanlar hüquqların qeydinə qalmırlar. “Ancaq mənim problemim həll edilsin, vəssalam” təfəkkürü.
Sadəcə problemlərin “növbəsini” müəyyənləşdirirlər.
Halbuki hüquq növbə gözləmir.
Əgər bir insan küçəyə çıxa bilmirsə, bu problem sabah da problem olaraq qalacaq.
Əgər uşaq məktəbə gedə bilmirsə, “bir az da gözlə” demək onun itirilmiş təhsilini geri qaytarmayacaq.
İqtisadi baxımdan da bu yanaşma səhvdir.
Əlilliyi olan insanların təhsil alması, işləməsi və iqtisadi həyata qoşulması dövlət büdcəsinə yük yaratmır.
Əksinə, uzunmüddətli perspektivdə iqtisadi aktivliyi artırır.
İşləyən insan vergi ödəyir.
İstehsal edir.
Xidmət göstərir.
İstehlak edir.
Yeni məhsul yaradır.
İqtisadiyyata dəyər qatır.
Əlçatan mühitin yaradılması isə xərclənən vəsait deyil, insan kapitalına qoyulan investisiyadır.
Məhz buna görə inkişaf etmiş ölkələr inklüzivliyi sosial yardım deyil, iqtisadi inkişaf strategiyasının bir hissəsi hesab edirlər.
Bəlkə də bu düşüncənin ən ağır nəticəsi odur ki, əlilliyi olan insanlar zamanla öz problemlərini dilə gətirməkdən çəkinməyə başlayırlar.
Onlarda belə hiss yaranır:
“Görünür, danışmağa haqqımız yoxdur.”
Bu isə görünməyən ayrı-seçkiliyin başlanğıcıdır.
İnsan susduqca problem də görünməz olur.
Görünməyən problem isə adətən həll edilmir.
Hər kəsin problemləri elə ya belə vacibdir.
Pensiyaçının da, müəllimin də, həkimin də, tələbənin də, işçinin də problemləri cəmiyyət üçün əhəmiyyətlidir.
Ancaq bunların heç biri əlilliyi olan insanların hüquqlarını ikinci plana keçirmək üçün arqument ola bilməz.
Hüquqlar bir-biri ilə rəqabət aparmır.
Ədalət də növbə ilə tətbiq olunmur.
Əgər cəmiyyət hər dəfə “əvvəl başqasının problemini həll edək” deyərək müəyyən qrupların hüquqlarını ertələyirsə, demək ki, heç kimin problemi həll olmayacaq.
Çünki inkişaf etmiş cəmiyyətin göstəricisi yalnız ümumi rifah səviyyəsi deyil. Onun əsl meyarı ən çox maneə ilə üzləşən insanın belə ləyaqətli, təhlükəsiz və bərabər həyat sürə bilməsidir.
Əlilliyi olan insanların hüquqlarını müdafiə etmək xüsusi imtiyaz tələb etmək deyil. Bu, cəmiyyətin hər bir üzvünün bərabər hüquqlara malik olması prinsipini müdafiə etməkdir. Unutmayın, bu prinsip zəiflədikdə isə zərər yalnız əlilliyi olan insanlara yox, bütöv cəmiyyətə dəyir.
Orxan Adıgözəl
19.07.2026