Xəbərlər

Özbəkistan yeni VW avtomobil zavodu açır, Azərbaycan isə sənaye inkişafında geridə qalır

Hörümcək 20.06.2026 🕒 3 dəq oxuma

Daşkənddə Almaniyanın Volkswagen şirkətinin yeni avtomobil yığma zavodunun açılışı Özbəkistanın sənaye siyasətində növbəti mühüm addım kimi qiymətləndirilir. Açılış mərasimində Özbəkistan Prezidenti Şövkət Mirziyoyev və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer iştirak ediblər.

Müəssisə ilkin mərhələdə SKD üsulu ilə avtomobil yığacaq, sonrakı illərdə isə tam istehsala keçid nəzərdə tutulur. Layihənin məqsədi yalnız daxili bazarın təmin edilməsi deyil, həm də Mərkəzi Asiya, MDB və Qafqaz ölkələrinə ixrac imkanlarının genişləndirilməsidir.

Hazırda Özbəkistanda Chevrolet, KIA, Hyundai, Chery, Haval, BYD və Volkswagen daxil olmaqla yeddi avtomobil markası istehsal olunur. Rəsmi məlumatlara görə, ölkədə 2025-ci ildə 457 min avtomobil istehsal edilib. Bu göstərici Özbəkistanın son illərdə sənaye və istehsal sektoruna yönəlmiş strategiyasının nəticəsi kimi təqdim olunur.

Bu fonunda Azərbaycan iqtisadiyyatının vəziyyəti daha çox suallar doğurur. Ölkə uzun illər ərzində neft və qaz satışından milyardlarla dollar gəlir əldə etsə də, qeyri-neft sənayesinin inkişafı gözlənilən səviyyəyə çatmayıb. Azərbaycan hələ də iri həcmli avtomobil sənayesi və ya regional istehsal mərkəzi formalaşdıra bilməyib.

İqtisadçılar qeyd edirlər ki, davamlı iqtisadi inkişaf üçün yalnız xammal ixracına arxalanmaq kifayət deyil. Müasir sənaye müəssisələrinin yaradılması, xarici investisiyaların cəlb edilməsi və rəqabətli istehsal sektorunun qurulması əsas prioritetlərdən biri olmalıdır.

Tənqidçilərin fikrincə, Azərbaycanda iqtisadi siyasətin əsas problemlərindən biri iqtisadiyyatın həddindən artıq mərkəzləşməsi və sahibkarlıq mühitində mövcud olan maneələrdir. Nəticədə ölkə sənaye istehsalının şaxələndirilməsi baxımından regionun bəzi dövlətlərindən geri qalır.

Özbəkistanın Volkswagen layihəsi göstərir ki, düzgün sənaye strategiyası və investisiya siyasəti nəticəsində qısa müddətdə yeni istehsal sahələri yaratmaq mümkündür. Azərbaycanın isə neft gəlirlərindən kənar dayanıqlı iqtisadi model formalaşdırmaq üçün daha ciddi islahatlara ehtiyacı olduğu barədə fikirlər səslənməkdədir.

Paylaş:

Əlaqəli Məqalələr