Xəbərlər

Siyasi fəal Rahim Musa: “Emin Ağalarov və ‘Sea Breeze’ haqda çıxışlarıma görə həbs olunmuşam”

Hörümcək 18.08.2026 🕒 3 dəq oxuma

Siyasi fəal Rahim Musa narkotik ittihamı ilə həbsinin TikTok-da etdiyi siyasi çıxışlar, xüsusilə biznesmen Emin Ağalarov və “Sea Breeze” layihəsi ilə bağlı tənqidi paylaşımları ilə əlaqəli olduğunu iddia edir.

Rahim Musa iyulun 15-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə – satış məqsədi olmadan külli miqdarda narkotik vasitə və ya psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanması, hazırlanması, emalı və ya daşınması ittihamı irəli sürülüb.

İmişli Rayon Məhkəməsi iyulun 16-da onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Fəal ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

“Sea Breeze haqda çıxışlar etmişəm”

Rahim Musa “Abzas Media”ya bildirib ki, saxlanılmasından əvvəlki dövrdə TikTok-da “Sea Breeze” layihəsi ilə bağlı bir sıra tənqidi videolar yayımlayıb.

“Bu ölkədə azad fikri ifadə etmək olduqca təhlükəlidir. Mən əsasən son bir ayda ‘Sea Breeze’lə bağlı çıxışlar etmişəm”, – fəal deyib.

Onun iddiasına görə, saxlanıldığı zaman telefonu da götürülüb və daha sonra “Sea Breeze”lə bağlı bəzi videolar TikTok hesabından silinib.

Musa iddia edir ki, iyulun 15-də evinin qarşısında saxlanılaraq İmişli Rayon Polis İdarəsinə aparılıb və burada ona TikTok-dakı çıxışlarına görə həbs ediləcəyi bildirilib.

Narkotikin ona məxsus olmadığını deyir

Fəalın sözlərinə görə, polis idarəsində qarşısına narkotik vasitə olduğu deyilən bükümlər qoyulub və onlardan birini üzərinə götürməsi tələb edilib. O, bundan imtina etdiyini bildirir.

Rahim Musa daha sonra evindən tapıldığı bildirilən narkotik vasitənin də ona məxsus olmadığını iddia edir. Fəal həmin bükümdə öz əl-barmaq izlərinin olmadığını və bunun araşdırılmasını tələb etdiyini deyir.

O, həmçinin əməliyyat zamanı aparılan videogörüntülərdən etiraz etdiyi hissələrin çıxarıldığını iddia edib. Bu iddialar müstəqil şəkildə təsdiqlənməyib.

Rahim Musa ittiham üzrə ifadə verməkdən və təqdim olunan sənədləri imzalamaqdan imtina etdiyini bildirib.

Hazırda o, Lənkəran Penitensiar Kompleksinin istintaq təcridxanasında saxlanılır.

“Abzas Media”nın məlumatına görə, fəalın səsləndirdiyi iddialarla bağlı Daxili İşlər Nazirliyinə sorğu göndərilib, lakin material dərc edilənədək cavab alınmayıb.

Rahim Musa keçmiş AXCP üzvüdür. O, bundan əvvəl də müxtəlif illərdə cinayət məsuliyyətinə cəlb olunub və həbs edilib. Fəal əvvəlki həbslərindən bəzilərini də siyasi fəaliyyəti ilə əlaqələndirib.

Paylaş:

Əlaqəli Məqalələr