Ali Məhkəmə İqbal Əbilovla bağlı hökmü qüvvədə saxlayıb
İyunun 11-də Ali Məhkəmədə həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun kassasiya şikayətinə baxılıb.
Yaxınlarının yaydığı məlumata görə, məhkəmə iclasında İqbal Əbilov üzərində türkiyəli şair Nazim Hikmətin məşhur misrasının talış dilinə tərcüməsi yazılmış köynəklə iştirak edib.
Bildirilir ki, proses zamanı İ.Əbilov Azərbaycan dilindən talış dilinə tərcüməçi təyin olunmasını istəyib. O, bunu təqsirləndirilən şəxs kimi anladığı dildə tərcüməçi ilə təmin olunmaq hüququna malik olması ilə əsaslandırıb. Lakin hakimlər kollegiyası vəsatəti təmin etməyib.
Bundan sonra İqbal Əbilov qərara etiraz olaraq məhkəmədə geniş çıxış etməkdən imtina edib. O, ingilis dilində qısa bəyanat verərək bütün insanların, etnik qrupların və dillərin bərabərliyinə inandığını bildirib. Əbilov tərcüməçi ayrılmamasını sistematik diskriminasiya kimi qiymətləndirib və buna etiraz əlaməti olaraq əlavə çıxış etməyəcəyini deyib.
Məhkəmə prosesində dövlət ittihamçısı Azərbaycanda etnik diskriminasiyanın olmadığını bildirib. İşə sədrlik edən hakim İlkin Rəcəbov da bu mövqeni dəstəkləyərək, ölkədə diskriminasiya mövcud olsaydı, talış əsilli bir hakimin belə bir prosesə sədrlik etməsinin mümkün olmayacağını qeyd edib.
İqbal Əbilov isə cavabında hakimin etnik mənsubiyyətinin ölkədə etnik diskriminasiyanın olub-olmaması ilə bağlı göstərici sayıla bilməyəcəyini bildirib. O, həmçinin ittihamların kifayət qədər əsaslandırılmadığını və iş üzrə araşdırmanın yetərsiz aparıldığını vurğulayıb.
Müdafiə tərəfi çıxışında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini tələb edib.
Lakin Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin qərarlarını qüvvədə saxlayaraq İqbal Əbilov barəsində çıxarılmış 18 il azadlıqdan məhrumetmə hökmünü dəyişməyib.
Qeyd edək ki, Belarusda yaşayan tədqiqatçı İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarını ziyarət etmək üçün gəldiyi zaman saxlanılıb.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.
İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi onun heç bir siyasi fəaliyyətlə məşğul olmadığını, elmi araşdırmalarına görə təqib edildiyini bildirir. Bir sıra beynəlxalq insan hüquqları təşkilatları və BMT-nin xüsusi məruzəçiləri onu siyasi məhbus kimi tanıdıqlarını bəyan ediblər.


