Human Rights Watch: Azərbaycan mühacir tənqidçiləri qiyabi məhkəmələrlə hədəfə alır
Beynəlxalq insan haqları təşkilatı Human Rights Watch Azərbaycanın xaricdə yaşayan hökumət tənqidçilərinə qarşı qiyabi məhkəmə proseslərindən istifadə etdiyini bildirən hesabat yayıb.
Təşkilatın məlumatına görə, son aylarda Avropa və ABŞ-da yaşayan bir sıra azərbaycanlı fəallar, jurnalistlər və siyasi şərhçilər sosial şəbəkələrdəki paylaşımları və onlayn çıxışlarına görə qiyabi qaydada uzunmüddətli həbs cəzalarına məhkum ediliblər.
Hesabatda qeyd olunur ki, 2025-ci ilin iyulundan 2026-cı ilin martınadək Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı səkkiz hökm araşdırılıb. Həmin işlər üzrə təqsirləndirilən şəxslərə 6 ildən 16 ilədək həbs cəzaları verilib.
Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogia bildirib ki, bu məhkəmə prosesləri ədalətli məhkəmə prinsiplərinə cavab vermir və əsas məqsəd hökumət tənqidçilərinin susdurulmasıdır.
Hesabatda Fransada yaşayan tarixçi Altay Goyushov və ABŞ-da yaşayan siyasi şərhçi Arastun Oruclu ilə bağlı işlərə də yer verilib. Təşkilatın iddiasına görə, onların əleyhinə əsas sübut kimi YouTube çıxışları və sosial şəbəkə paylaşımlarından istifadə olunub.
Human Rights Watch qeyd edir ki, 2023-cü ildə Cinayət-Prosessual Məcəlləyə edilən dəyişikliklərdən sonra Azərbaycanda qiyabi məhkəmə mexanizmi tətbiq olunmağa başlayıb. Təşkilat hesab edir ki, bu hökmlər gələcəkdə ekstradisiya tələbləri, beynəlxalq səfərlər zamanı saxlanılma və digər hüquqi məhdudiyyətlər üçün istifadə oluna bilər.
Hesabatda Azərbaycan hakimiyyətinə söz azadlığı ilə bağlı cinayət işlərinə yenidən baxılması, qiyabi məhkumluqların ləğv edilməsi və qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması çağırışı edilib. Eyni zamanda Avropa ölkələrinə siyasi motivli hesab edilən ekstradisiya sorğularına xüsusi həssaslıqla yanaşmaq tövsiyə olunub.
Azərbaycan rəsmiləri isə bu hesabatla bağlı hələlik rəsmi açıqlama verməyiblər.


