Azərbaycanın işgəncələrə qarşı Konvensiyaya qoşulmasından 30 il keçir: beynəlxalq öhdəliklər və həbsxanalardakı ittihamlar arasında ziddiyyət
Azərbaycanın BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalara qarşı Konvensiyasına qoşulmasından 30 il ötür. Lakin bu müddət ərzində ölkədə işgəncələrin qarşısının alınması ilə bağlı götürülən öhdəliklərin nə dərəcədə yerinə yetirildiyi suallar doğurur.
Azərbaycan 1996-cı ildə Konvensiyaya qoşularaq işgəncələrin qarşısının alınması, həbs yerlərində insan ləyaqətinin qorunması və zorakı rəftarın yolverilməzliyini tanıyıb. Sənədə əsasən, dövlət istintaq zamanı, həbsxanalarda və digər qapalı müəssisələrdə insan hüquqlarının qorunmasına zəmanət verməlidir.
Lakin hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar son illərdə Azərbaycanda saxlanılan şəxslərin, xüsusilə siyasi fəalların, jurnalistlərin və ictimai şəxslərin işgəncə və pis rəftar iddiaları ilə bağlı çoxsaylı məlumatlar yayıblar.
Son dövrlərdə həbs olunan bir sıra jurnalist və fəallar saxlanma şəraitindən, təzyiq və təhqirlərdən, hüquqlarının pozulmasından şikayət ediblər.
“Toplum TV işi” üzrə həbs olunan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev həbsxanadan yazdığı məktublarda Bakı İstintaq Təcridxanasında baş verdiyini iddia etdiyi işgəncə hallarından danışıb. O, penitensiar xidmət əməkdaşlarının davranışlarını və rəhbərliyin mövqeyini tənqid edib.
Bundan əvvəl müxtəlif siyasi məhbuslar və jurnalistlər də saxlanma yerlərində təzyiq gördüklərini bildiriblər. Onların arasında “Abzas Media işi”, “Meydan TV işi”, “Toplum TV işi” çərçivəsində həbs olunan jurnalistlər, eləcə də siyasi fəallar yer alır.
Həbs olunan şəxslər və onların müdafiəçiləri bir sıra hallarda cinayət təqiblərinin siyasi motivli olduğunu, məqsədin tənqidi səsləri susdurmaq olduğunu bildirirlər. Hakimiyyət isə bu ittihamları rədd edir və şəxslərin konkret cinayətlər üzrə məsuliyyətə cəlb olunduğunu açıqlayır.
Beynəlxalq insan haqları təşkilatları isə Azərbaycanda xüsusilə jurnalistlərə və siyasi fəallara qarşı açılan cinayət işləri, uzunmüddətli həbs cəzaları və həbs yerlərində rəftar məsələlərini davamlı şəkildə gündəmə gətirirlər.
30 il əvvəl qəbul edilən beynəlxalq öhdəliklər fonunda əsas sual dəyişməz qalır: işgəncəyə qarşı mübarizə yalnız qanunlarda yazılan prinsip kimi qalmalıdır, yoxsa həbsxanalarda və istintaq proseslərində real təminata çevrilməlidir?
Hüquq müdafiəçilərinin fikrincə, Konvensiyanın tələblərinin yerinə yetirilməsi yalnız işgəncənin rəsmi şəkildə qadağan edilməsi ilə deyil, hər bir iddianın müstəqil araşdırılması, günahkarların məsuliyyətə cəlb olunması və həbsdə olan şəxslərin hüquqlarının tam qorunması ilə ölçülür.


