İnsan Hüquqları

Həbsdəki jurnalist və fəallardan von der Leyenə çağırış: “İnsan haqları müzakirələrin mərkəzində olmalıdır”

Hörümcək 01.07.2026 🕒 3 dəq oxuma

Azərbaycanda həbsdə olan bir qrup ictimai fəal və jurnalist ölkəyə səfəri gözlənilən Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə müraciət edib.

Müraciətlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın yalnız strateji və iqtisadi maraqlar üzərində qurulmamasının vacibliyi vurğulanıb. Həbsdə olan şəxslər insan hüquqları, qanunun aliliyi və fundamental azadlıqların bu münasibətlərin əsas sütunlarından biri olmalı olduğunu bildiriblər.

Həbsdə olan iqtisadçı Fazil Qasımov ailə üzvləri vasitəsilə yaydığı məktubda von der Leyendən azadlığa buraxılması üçün köməklik göstərməsini xahiş edib. Onun eyni məzmunlu məktubla Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa da müraciət etdiyi bildirilir.

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev və adları açıqlanmayan bir qrup fəal da Avropa Komissiyası prezidentinə müraciət edərək, Aİ ilə Azərbaycan arasında münasibətlərdə insan hüquqları məsələsinin diqqətdə saxlanılmasını istəyiblər.

“Azərbaycana planlaşdırılan səfəriniz ərəfəsində sizi insan hüquqları məsələsini Azərbaycan rəhbərliyi ilə aparacağınız müzakirələrin mərkəzində saxlamağa çağırırıq”, — müraciətdə qeyd olunub.

“Abzas Media işi” üzrə həbs olunan jurnalistlər də von der Leyenə müraciət edərək Azərbaycanda 300-dən çox siyasi məhbusun olduğunu xatırladıblar. Onlar Avropanın Azərbaycanla enerji əməkdaşlığı fonunda insan haqları pozuntularına səssiz qalmamasını istəyiblər.

“İlham Əliyevin ölkədə kütləvi həbslər həyata keçirərkən bir arxayınlığı var. O da Avropanın susqunluğudur”, — jurnalistlərin müraciətində deyilir.

Müraciət müəllifləri Avropa Komissiyası prezidentini Azərbaycan rəsmiləri ilə görüşlər zamanı insan haqları pozuntuları barədə yalnız bağlı qapılar arxasında deyil, ictimai şəkildə də danışmağa çağırıblar.

Onlar həmçinin Azərbaycanla tərəfdaşlıq üçün siyasi məhbusların azad edilməsi və ölkənin beynəlxalq insan haqları öhdəliklərini yerinə yetirməsinin şərt kimi irəli sürülməsini istəyiblər.

Ursula von der Leyenin iyulun 1-də Azərbaycana səfər edəcəyi gözlənilir.

Paylaş:

Əlaqəli Məqalələr