Ramil Babayev təcridxanadan yeni məktub yayıb, işgəncə iddialarını təkrarlayıb
“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev saxlanıldığı Bakı İstintaq Təcridxanasından ictimaiyyətə növbəti məktub ünvanlayıb.
Məktub Demokratik Təşəbbüslər İnstitutu tərəfindən ictimailəşdirilib.
Ramil Babayev məktubunda istintaq təcridxanasında baş verdiyini iddia etdiyi işgəncə halları, penitensiar xidmət əməkdaşlarının davranışları və müəssisə rəhbərliyinin mövqeyi barədə fikirlərini bölüşüb.
O, daha əvvəl də yazdığı Cavid Güləliyevlə bağlı yeni məlumatlar əldə etdiyini bildirib.
“Cavid Güləliyevin sonuncu işgəncə hadisəsindən sonrakı əməlləri ilə bağlı öyrəndiklərimə əsasən, Güləliyevin bundan əvvəlki yazılarımda haqqında söz etdiyim məhbusa verdiyi əzab, döymə, təhqir etmə və özünü öldürmə həddinə çatdırma ilə məhdudlaşmayıb”, – deyə məktubda qeyd olunur.
Babayev məktubunda təcridxanadakı vəziyyətlə bağlı əlavə iddialar səsləndirib və aidiyyəti qurumları bu məsələləri araşdırmağa çağırıb.
Qeyd edək ki, məktubda yer alan iddialarla bağlı Penitensiar Xidmətin və digər rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.
Ramil Babayev “Toplum TV işi” çərçivəsində həbs olunan şəxslərdən biridir. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir və cinayət təqibini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.


