İvan Raçan: Azərbaycan Avropanın nə qədər hüquqi nihilizmə dözəcəyini sınağa çəkir
Alt başlıq
AŞPA üzvü İvan Raçan “Caspian Watch”a müsahibəsində Avropa Şurasının Azərbaycan siyasətini, demokratiya ilə praqmatizm arasındakı ziddiyyəti, siyasi məhbusları, media azadlığını, AİHM qərarlarının icra edilməməsini və Avropa Şurasının istifadə olunmayan hüquqi mexanizmlərini dəyərləndirir.
Giriş
Azərbaycanla Avropa Şurası arasında münasibətlər son illərdə təşkilatın öz prinsiplərinə nə dərəcədə sadiq qala bildiyinin ən ciddi sınaqlarından birinə çevrilib. Bir tərəfdə insan hüquqları, demokratiya və hüququn aliliyi kimi fundamental dəyərlər, digər tərəfdə isə enerji təhlükəsizliyi, geosiyasi maraqlar və siyasi praqmatizm dayanır.
“Caspian Watch”un yazılı müsahibəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü, Xorvatiyadan olan deputat İvan Raçan bu qarşıdurmanın mahiyyətini təhlil edir. O, Azərbaycanda müstəqil medianın və siyasi rəqabətin sistemli şəkildə məhdudlaşdırıldığını, hüquq müdafiəçilərinin və jurnalistlərin hədəfə alındığını, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra edilməməsinin isə artıq təkcə Azərbaycanla bağlı problem deyil, bütövlükdə Avropa Şurasının hüquqi sisteminə meydan oxumaq olduğunu deyir.
Raçanın fikrincə, Avropa Şurasının əlində kifayət qədər hüquqi alətlər mövcuddur. Problem onların olmamasında deyil, üzv dövlətlərin bu mexanizmlərdən istifadə etmək üçün kifayət qədər siyasi iradə nümayiş etdirməməsindədir.
Bu müsahibədə o, Avropa Şurasının “qırmızı xətt”inin haradan keçməli olduğunu, 52–46–8 hüquqi mexanizmlərinin niyə tam tətbiq edilmədiyini, hədəfli məsuliyyət tədbirlərini, Azərbaycanın təşkilatdakı gələcəyini və həm Azərbaycan hakimiyyətinə, həm də Azərbaycan cəmiyyətinə ünvanladığı mesajları bölüşür.
1. Dəyərlər, yoxsa praqmatizm?
Cənab Raçan, AŞPA-da “Azərbaycanda tənqidi səslərin susdurulması” mövzusunda keçirilən müzakirədə bildirdiniz ki, Avropa Şurası nə hərbi ittifaq, nə ticarət bloku, nə də qeyri-rəsmi təşkilatdır; o, qaydalara və dəyərlərə əsaslanan bir qurumdur və bu dəyərlər “praqmatik yanaşmanın qurbanına çevrilə bilməz”. Assambleya Azərbaycanla münasibətlərində bu prinsipə əməli baxımdan necə yanaşmalıdır? Avropa Şurasının keçməməli olduğu konkret qırmızı xətt nədir?
Avropa Şurasının üç əsas sütunu insan hüquqlarının müdafiəsi, demokratiyanın təşviqi və hüququn aliliyinin təmin edilməsidir. Müzakirədə vermək istədiyim mesaj bundan ibarət idi ki, guya daha böyük hər hansı maraq naminə bu təməl prinsipləri kənara qoymaq və ya görməzdən gəlmək olmaz. Azərbaycan da Avropa Şurasının üzvü olmaq istəyən hər bir başqa dövlət kimi məhz bu üç sütuna nə dərəcədə hörmət etməsinə əsasən qiymətləndirilməlidir. Avropa Şurasının çəkməli olduğu yeganə aydın xətt budur.
2. Avropanın demokratik dəyərləri təhlükə altına düşübmü?
Sizcə, Avropanın demokratik dəyərləri kommersiya və geosiyasi maraqlar – Azərbaycan nefti və qazı, ticarət, investisiya, lobbiçilik, “kürü diplomatiyası”, indi isə bəlkə də “qaz diplomatiyası” naminə təhlükə altına qoyulubmu? Avropa iqtisadi baxımdan kifayət qədər faydalı hesab etdiyi bir diktaturaya insan hüquqları və insan ləyaqətini ikinci plana keçirməyə imkan veribmi?
Avropanın demokratik dəyərləri həqiqətən sual altındadır, lakin bunun səbəbi təkcə Azərbaycan deyil. Demokratiya dünyanın ən uğurlu sistemi sayıldığı dövrdə onu uca səslə təbliğ etmək asan idi. İndi dünya dəyişib: Çinin və digər güclərin yüksəlişi göstərir ki, Avropa standartlarına uyğun insan hüquqları və demokratiya iqtisadi uğurun mütləq şərti deyil. Avropanın demokratik dəyərlərini bütövlükdə təhlükə altına alan əsas amil Azərbaycanla bağlı baş verənlərdən daha çox bu geosiyasi dəyişiklikdir.
Azərbaycan məsələsində isə əsas problem korrupsiya idi – insan təbiətinin ən adi qüsurlarından biri: açıq-aşkar qanunsuzluğa göz yummaq müqabilində şəxsi varlanma. Bütün bunların üzə çıxması və adekvat reaksiyanın verilməsi bəlkə də həddindən artıq uzun çəkdi. Ancaq sonda lazımi addımlar atıldı.
3. Hesabat real nəticələr doğuracaq qədər güclüdürmü?
Hesabat kifayət qədər sərtdir. Bununla belə, məruzəçilərin Azərbaycana faktaraşdırıcı səfər edə bilmədiyi və sənəddə göstərilən halların yalnız ən ciddi nümunələrin bir hissəsi olduğu da qeyd edilir. Sizcə, hesabat məhkəmələr, prokurorluq, polis, təhlükəsizlik orqanları, penitensiar sistem, maliyyə nəzarəti və siyasi məsuliyyət daxil olmaqla repressiya mexanizmini bütövlükdə əhatə edirmi? Yoxsa AŞPA-nın icrası mümkün nəticələr doğura biləcək daha dərin və ardıcıl izləmə prosesinə ehtiyacı var?
Hesabat Azərbaycanla Avropa Şurası arasında yaranmış qarşıdurma şəraitində hazırlana biləcək ən yaxşı sənəd idi. Aydındır ki, Azərbaycan hökuməti hazırda üzvlükdən irəli gələn əsas öhdəliklərə, xüsusilə ifadə azadlığına və hüququn aliliyinə hörmət etmir.
Hesabat repressiya mexanizminin mahiyyətini düzgün müəyyənləşdirir və məhdudlaşdırıcı qanunların, eləcə də cinayət təqiblərinin müstəqil jurnalistikanı və vətəndaş məkanını sistemli şəkildə boğmaq üçün necə istifadə edildiyini göstərir. Lakin məruzəçilərə faktaraşdırıcı səfərə icazə verilmədiyinə görə sənəd istər-istəməz mikroskopik araşdırma deyil, vəziyyətin ümumi mənzərəsidir. Pozuntuların sənədləşdirilməsi birinci addımdır. Ancaq təkcə sənədləşdirmə nəticə yaratmır. Daha dərin və ardıcıl izləmə prosesi mütləq lazımdır.
4. Qanuni siyasi rəqabət mərhələli şəkildə bağlanırmı?
Azərbaycanın yeni “Siyasi partiyalar haqqında” Qanunu partiyaların qeydiyyatını xeyli çətinləşdirdiyinə, minimum üzvlük tələbini artırdığına, partiyaları yenidən qeydiyyata məcbur etdiyinə, qeydiyyatsız siyasi fəaliyyəti qadağan etdiyinə və Ədliyyə Nazirliyinə partiyaların strukturu və üzv siyahıları üzərində həddindən artıq nəzarət verdiyinə görə Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən tənqid edilmişdi. Sonradan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin və partiyanın digər yüksək vəzifəli nümayəndələrinin, o cümlədən Məmməd İbrahimin həbsi daha ciddi narahatlıq doğurdu. Siz bunları ayrı-ayrı cinayət işləri kimi qiymətləndirirsiniz, yoxsa Azərbaycanda qanuni siyasi rəqabətin əvvəlcə məhdudlaşdırıcı qanunvericiliklə, sonra inzibati təzyiqlə, nəhayət isə cinayət təqibi vasitəsilə mərhələli şəkildə bağlanması kimi?
Avtoritarlaşma prosesində təsadüflər çox nadir hallarda baş verir. Mən bunu qəsdən həyata keçirilən hadisələr zənciri kimi təhlil edirəm. Əvvəlcə Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmadan “Siyasi partiyalar haqqında” Qanun kimi məhdudlaşdırıcı qanunvericilik vasitəsilə oyunun qaydaları dəyişdirilir. Bununla müxalifətin qanuni fəaliyyət göstərməsi demək olar ki, mümkünsüzləşdirilir. Buna baxmayaraq təşkilatlanmağı bacaranlara qarşı inzibati aparat işə salınır və onların fəaliyyət dairəsi daraldılır. Sonda isə rəhbərliyi sıradan çıxarmaq üçün cinayət ədliyyə sistemindən istifadə olunur.
Əli Kərimli kimi şəxslərin həbsi təcrid olunmuş cinayət işi deyil. Bu addımların məcmu təsiri açıq şəkildə həqiqi siyasi müxalifəti susdurmağa və Azərbaycanda qanuni siyasi rəqabət üçün qalan son imkanları da bağlamağa hesablanıb.
5. Hüquq müdafiəçiləri məhbusa çevriləndə
Rüfət Səfərovun işi xüsusilə rəmzi xarakter daşıyır: o, ABŞ Dövlət Departamentinin 2024-cü il İnsan Hüquqları Müdafiəçisi Mükafatına layiq görülmüş hüquq müdafiəçisidir, lakin daha sonra beynəlxalq insan hüquqları təşkilatlarının saxta və ya siyasi motivli saydığı ittihamlarla səkkiz il müddətinə azadlıqdan məhrum edilib. İllərlə saxta ittihamlarla həbs olunan şəxsləri müdafiə etmiş vəkil və hüquq müdafiəçisi Namizəd Səfərov da dələduzluq ittihamı ilə həbs olunub. Haqsızlığın qurbanlarını müdafiə edən şəxslər özləri də oxşar ittihamlarla həbs ediləndə Azərbaycanda hüququn aliliyindən danışmaq mümkündürmü? Hüquqşünaslar, hüquq müdafiəçiləri və zərərçəkmişlərin hamısı cinayətkar kimi təqdim edilirsə, adi vətəndaş nəyə inanmalı, onun əlində hansı qanuni siyasi və hüquqi mübarizə vasitələri qalmalıdır?
Hüququn aliliyi müstəqil məhkəmə sistemi və təqsirləndirilən şəxsləri qisas qorxusu olmadan müdafiə edə bilən hüquqşünaslar tələb edir. Hüquq müdafiəçiləri və vəkillərin özləri hədəfə çevriləndə sistem onu daxildən qoruyan təhlükəsizlik mexanizmlərini özü məhv etmiş olur. Cinayət qanunvericiliyi başqalarının müdafiəsinə qalxan insanları cəzalandırmaq və susdurmaq üçün sui-istifadə edilir.
Belə şəraitdə hüququn aliliyindən danışmaq mümkündürmü? Xeyr. Dövlət adi vətəndaşa çox soyuq və praqmatik bir mesaj verir: danışma, çünki səni müdafiə etməli olan insanlar belə özlərini müdafiə edə bilmirlər. Bu, qalxanın özünün hədəfə çevrildiyi və vətəndaşın müdafiəsiz qoyulduğu vəziyyətdir.
6. AİHM qərarları və hüquqi nihilizm
Azərbaycan uzun illərdir Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarını tam icra etmir. 2025-ci ilin aprelində Prezident İlham Əliyev ADA Universitetində açıq şəkildə bəyan etdi ki, Azərbaycan nümayəndə heyəti AŞPA-da səsvermə hüququndan məhrum edildiyi və hakimlərin seçilməsində iştirak etmədiyi üçün Avropa Məhkəməsinin qərarları artıq Azərbaycan üçün etibarlı deyil. Halbuki Avropa Konvensiyasının 46-cı maddəsinə əsasən, Məhkəmənin yekun qərarlarının icrası siyasi rahatlıq məsələsi deyil, məcburi hüquqi öhdəlikdir. Sizcə, rəsmi Bakı AİHM qərarlarını niyə icra etmir? Bu, yalnız Strasburqla siyasi mübahisədir, yoxsa Azərbaycanın daxili hüquqi nihilizmi artıq sərhədləri aşaraq bütövlükdə Avropa Şurası sisteminə açıq çağırışa çevrilib?
Siyasi ritorikanı hüquqi öhdəlikdən ayırmaq lazımdır. Nümayəndə heyətinin hazırda AŞPA-da səsvermə hüququna malik olmaması səbəbindən qərarların etibarsız sayılması barədə arqument hüquqi baxımdan mənasızdır. Konvensiyanın 46-cı maddəsinə əsasən, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etmək üçün qeyd-şərtsiz öhdəlik daşıyır. Assambleya bu əsaslandırmanı qəti və rəsmi şəkildə rədd edib.
Bu, sadəcə Strasburqla ikitərəfli mübahisə deyil, hesablanmış siyasi manevrdir. Azərbaycan beynəlxalq ictimaiyyətin nə qədər hüquqi nihilizmə dözəcəyini görmək üçün sərhədləri sınağa çəkir. Üzv dövlət mövcud siyasi əhvalına uyğun olaraq hansı məcburi qərarı yerinə yetirib, hansını yerinə yetirməyəcəyini özü seçə bilirsə, bu, Avropa Şurasının bütün hüquqi arxitekturasına fundamental çağırışdır.
7. 52 → 46 → 8 ardıcıllığı əlaqələndirilmiş fəaliyyətə çevrilməlidirmi?
Bir çox azərbaycanlı mümkün eskalasiya ardıcıllığına diqqət çəkir. Avropa Konvensiyasının 52-ci maddəsi Baş katibə daxili qanunvericiliyin Konvensiyanın tətbiqini necə təmin etdiyi barədə izahat tələb etmək səlahiyyəti verir. 46-cı maddə AİHM qərarlarının icrasını hüquqi cəhətdən məcburi edir və Nazirlər Komitəsinə nəzarət, eləcə də pozuntu proseduru imkanları yaradır. Avropa Şurası Nizamnaməsinin 8-ci maddəsi isə təşkilatın prinsiplərinin ciddi şəkildə pozulduğu hallarda Nazirlər Komitəsinə təmsilçilik hüquqlarını dayandırmaq və son nəticədə üzvlükdən çıxarılma prosesinə başlamaq imkanı verir. AŞPA pozuntuları sənədləşdirə, tövsiyələr verə və siyasi təzyiq göstərə bilər, lakin Baş katibin və Nazirlər Komitəsinin də ayrıca səlahiyyətləri var. Avropa Şurası niyə bu mexanizmləri Azərbaycana qarşı daha əlaqələndirilmiş və mərhələli şəkildə sərtləşən formada tətbiq etməyib?
Burada yenidən söhbətimizin əvvəlində toxunduğumuz dəyərlərlə praqmatizm arasındakı ziddiyyətə qayıdırıq. Niyə əlaqələndirilmiş eskalasiya yoxdur? Çünki Avropa Şurası müxtəlif təzyiqlərlə üzləşən fərqli orqanlardan ibarətdir. Assambleya parlamentarilərdən təşkil olunur: biz pozuntuları sənədləşdirir və dəyərlərin müdafiəsi üçün təzyiq göstəririk. Məhz buna görə qəbul edilən qətnamə Baş katibi 52-ci maddəni işə salmağa və izahat tələb etməyə açıq şəkildə çağırır.
Nazirlər Komitəsi isə hökumətlərin nümayəndələrindən ibarətdir. Hökumətlər geosiyasi maraqları, enerji təhlükəsizliyini və ikitərəfli ticarəti nəzərə alırlar. Bu ətalətdən çıxmaq üçün kifayət qədər güclü siyasi iradə formalaşmalıdır; təəssüf ki, belə bir iradə indiyədək çatışmayıb. Hüquqi vasitələr – 52-ci, 46-cı və 8-ci maddələr – tamamilə işləkdir. Onların əlaqələndirilmiş şəkildə tətbiq olunmaması hüquqi imkanların yoxluğu deyil, üzv dövlətlərin siyasi cəsarətsizliyidir.
8. Hədəfli məsuliyyət tədbirləri niyə daha ciddi tətbiq edilmir?
Ümumi sanksiyalar avtoritar idarəçilik və ağır iqtisadi şərait altında yaşayan adi insanlara zərər verə bilər. Bunun əvəzinə viza qadağaları, aktivlərin dondurulması, işgəncədə, siyasi motivli cinayət təqiblərində, jurnalistlərə hücumlarda və transmilli repressiyada iştirak edən vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi, eləcə də onların Avropa Şurası orqanlarında iştirakının məhdudlaşdırılması kimi hədəfli tədbirləri dəstəkləyirsinizmi? Belə tədbirlər yalnız birbaşa icraçılara, yoxsa göstəriş verən, onları qoruyan və sistemdən faydalanan şəxslərə də şamil edilməlidirmi?
Ümumi sanksiyalar adətən adi əhalini cəzalandıran küt alətdir; hakim elita isə özünü onların təsirindən qorumağı bacarır. Buna görə də hədəfli tədbirlər ən məntiqli və təsirli vasitədir. Avtoritar sistem korrupsiya, himayədarlıq və şəxsi varlanma üzərində dayanırsa, həmin sistemi yaşadan şəxslərin aktivləri, bank imtiyazları və sərbəst səfər imkanları hədəfə alınmalıdır.
Yalnız aşağı səviyyəli icraçıların – həbsxana əməkdaşlarının və ya aşağı instansiya hakimlərinin – məsuliyyətə cəlb edilməsi kifayət deyil. Bütün əmr zənciri hədəfə alınmalıdır. Buraya siyasi motivli cinayət təqibləri barədə göstəriş verənlər, icraçıları qoruyanlar və sistemdən maddi fayda götürənlər daxildir. Öz ölkəsində insanları əzərək Avropa demokratiyalarının rahatlıqlarından yararlanan şəxslərin bu riyakarlığa davam etməsinə imkan verilməməlidir.
9. Azərbaycan Avropa Şurasının etibarlı üzvü olaraq qala bilərmi?
Ölkədə yüzlərlə siyasi məhbusun olduğu bildirilirsə, ölkə daxilində fəaliyyət göstərən müstəqil media qurumu qalmayıbsa, AİHM qərarları icra edilmirsə və Azərbaycan Assambleya ilə normal əməkdaşlıqdan imtina edirsə, o, Avropa Şurasının etibarlı üzvü olaraq qala bilərmi? Normal münasibətlərin və ya tam iştirakın bərpası üçün minimum şərtlər nə olmalıdır: siyasi məhbusların azad edilməsi, Məhkəmə qərarlarının icrası, AİHM hakimliyinə namizədlərin yeni siyahısının təqdim edilməsi, monitorinq qurumlarına girişin təmin olunması, media, QHT və siyasi partiyalar haqqında qanunların islahatı, yoxsa əlavə şərtlər də tələb olunur?
Hazırda Azərbaycanı Avropa Şurasının etibarlı üzvü hesab etmək mümkün deyil. Dövlət öz sərhədləri daxilində fəaliyyət göstərən bütün müstəqil medianı sistemli şəkildə susdura, yüzlərlə siyasi məhbus saxlaya, Avropa Məhkəməsinin məcburi qərarlarını görməzdən gələ və eyni zamanda özünü öhdəliklərinə əməl edən etibarlı üzv kimi təqdim edə bilməz.
Normal münasibətlərin bərpası üçün yeni qaydalar icad etməyə ehtiyac yoxdur; Azərbaycan sadəcə könüllü şəkildə qəbul etdiyi öhdəliklərə əməl etməlidir. Minimum şərtlər Assambleya tərəfindən aydın şəkildə göstərilib: siyasi məhbusların dərhal azad edilməsi, jurnalistlərə qarşı təhdid və təzyiqlərə son qoyulması, icrası gözlənilən AİHM qərarlarının tam yerinə yetirilməsi. Bundan əlavə, Azərbaycan Məhkəməyə hakim namizədlərinin siyahısını təqdim etməklə sistemlə yenidən əməkdaşlığa başlamalıdır. Bunlar özbaşına irəli sürülmüş tələblər deyil, üzvlüyün ən elementar şərtləridir.
10. İki mesaj: hakimiyyətə və Azərbaycan xalqına
Sonda sizdən iki ayrı mesaj istərdim. Birincisi, siyasi məhbuslar, həbsdə olan jurnalistlər, işgəncə iddiaları, AİHM qərarlarının icrası və Azərbaycanın Avropa Şurasındakı yeri ilə bağlı Azərbaycan hakimiyyətinə konkret mesajınız nədir? İkincisi, siyasi məhbuslar, həbsdəki jurnalistlər, işgəncə qurbanları, fəallar, mühacirlər və təzyiq altında yaşayan ailələr daxil olmaqla Azərbaycan vətəndaşlarına nə demək istərdiniz? Bu məsələnin növbəti qətnamədən sonra unudulmaması üçün şəxsən hansı əməli öhdəliyi üzərinizə götürməyə hazırsınız?
Azərbaycan hakimiyyətinə deyirəm: Avropa Şurası qeyri-rəsmi klub və ya hansı insan hüququna əməl edib-etməyəcəyinizi öz istəyinizlə seçdiyiniz “à la carte” menyu deyil. Könüllü şəkildə qəbul etdiyiniz öhdəliklər qüvvədə qalır. Beynəlxalq diqqətin zamanla səngiyəcəyini gözləməklə bu məsuliyyətdən yayınmaq mümkün olmayacaq.
Azərbaycan vətəndaşlarına, həbsdə olan jurnalistlərə və təzyiq altında yaşayan ailələrə isə yalnız təvazökarlıqla bunu deyə bilərəm: siz görünməz deyilsiniz. Assambleya Azərbaycanda jurnalistlərin və fəalların müdafiəsini gündəliyində fəal şəkildə saxlamaq barədə rəsmi qərar verib. Biz pozuntuları sənədləşdiririk. Parlamentari kimi şəxsi öhdəliyim bu məsələnin köhnə xəbərə çevrilib unudulmamasını təmin etməkdir. Mən Assambleyadakı mandatımdan istifadə edərək institusional məsuliyyət tələb etməyə və bu işlərin “heç nə olmamış kimi” normal münasibətlərə qayıdışın qarşısında əsas maneə olaraq qalmasına çalışacağam.


