Xəbərlər

Prokuror Anar Məmmədliyə 14, Anar Abdullaya isə 13 il həbs istəyib

Hörümcək 27.07.2026 🕒 2 dəq oxuma

İyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən iclasda cinayət işinin materialları araşdırılıb.

Daha sonra dövlət ittihamçısı çıxış edərək hər iki şəxsin üç il müddətinə müəyyən vəzifələr tutmaq hüququndan məhrum edilməsini istəyib. Prokuror Anar Məmmədlinin 14 il, Anar Abdullanın isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Növbəti məhkəmə iclası avqustun 7-nə təyin olunub.

Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. O, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıqda ittiham edilir. Anar Məmmədli ittihamları qəbul etmir. Beynəlxalq insan hüquqları təşkilatları onu siyasi məhbus kimi tanıyır.

Anar Abdulla isə 2025-ci il aprelin 8-də həmin cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona qarşı qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qaçaqmalçılıq, vergi və sosial ödənişlərdən yayınma, həmçinin rəsmi sənədlərin saxtalaşdırılması maddələri ilə ittihamlar irəli sürülüb.

Yerli hüquq müdafiəçilərinin son hesabatına görə, Azərbaycanda 328 nəfər siyasi məhbus hesab olunur. Hakimiyyət nümayəndələri isə ölkədə siyasi motivli təqiblərin olmadığını bildirirlər.

Paylaş:

Əlaqəli Məqalələr