AŞPA Azərbaycanda tənqidi səslərin susdurulması ilə bağlı qətnamə qəbul edib
Avropa Şurası Parlament Assambleyası iyunun 24-də “Azərbaycanda tənqidi səslərin susdurulması” adlı qətnamə qəbul edib.
Qətnamədə Azərbaycanda jurnalistlərə, hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyəti fəallarına və siyasi opponentlərə qarşı təzyiqlərlə bağlı ciddi narahatlıq ifadə olunub. Assambleya Azərbaycan hakimiyyətini siyasi məhbus hesab edilən şəxsləri azad etməyə, tənqidi səslərə qarşı təqibləri dayandırmağa və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməyə çağırıb.
Sənəddə qeyd olunur ki, Azərbaycan nümayəndə heyətinin 2024-cü ildə səlahiyyətləri təsdiqlənməsə də, ölkənin Avropa Şurası və Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində götürdüyü öhdəliklər qüvvədə qalır.
AŞPA Azərbaycanda media azadlığı, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, siyasi iştirak imkanları və ifadə azadlığı ilə bağlı vəziyyətin pisləşdiyini bildirir. Qətnamədə müstəqil media nümayəndələrinə qarşı cinayət təqiblərinin davam etdiyi, bir sıra jurnalistlərin həbsdə saxlanıldığı vurğulanır.
Sənəddə Meydan TV, AbzasMedia, Toplum TV, AzadlıqRadiosu, Kanal 11 və Kanal 13 ilə əlaqəli jurnalistlərin və media əməkdaşlarının işlərinə istinad olunur. Assambleya bu həbsləri media azadlığı və jurnalistlərin peşə fəaliyyətinə təzyiq kontekstində qiymətləndirir.
Qətnamədə siyasi məhbuslarla bağlı ayrıca çağırış da yer alıb. AŞPA Azərbaycan hakimiyyətini jurnalist fəaliyyəti, hüquq müdafiəçiliyi, siyasi fəaliyyət və vətəndaş təşəbbüsləri ilə əlaqədar həbs olunan şəxslərin işlərinə yenidən baxmağa çağırır.
Sənəddə Anar Məmmədli, Qubad İbadoğlu, Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Elnarə Qasımova, Nərgiz Absalamova, Əli Zeynal, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Rüfət Səfərov və AXCP sədri Əli Kərimlinin adları çəkilir.
Assambleya həmçinin həbsdə olan şəxslərlə rəftar, saxlanma şəraiti və tibbi yardıma çıxış məsələlərinə də toxunub. Qətnamədə qadın jurnalistlərin saxlanma şəraiti və onlarla davranışla bağlı məlumatların araşdırılması tələb olunur.
AŞPA Azərbaycan hakimiyyətini işgəncə və pis rəftarla bağlı bütün iddiaları effektiv araşdırmağa, məhbusların hüquqlarını təmin etməyə və saxlanma şəraitini beynəlxalq standartlara uyğunlaşdırmağa çağırıb.
Qətnamədə Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı bir sıra qərarlarının hələ də icra olunmadığı qeyd edilir. Assambleya Azərbaycanı bu qərarları yerinə yetirməyə və Avropa Şurası mexanizmləri ilə əməkdaşlığı davam etdirməyə çağırır.
Sənədin sonunda Avropa Şurasına üzv dövlətlərə və Avropa İttifaqına da müraciət olunur. AŞPA siyasi məhbusların azad edilməsi məsələsinin beynəlxalq gündəmdə saxlanılmasını, siyasi təqib riski ilə üzləşən Azərbaycan vətəndaşlarının müdafiəsi üçün tədbirlər görülməsini və ekstradisiya müraciətlərinə baxılarkən bu amillərin nəzərə alınmasını tövsiyə edir.
Assambleya eyni zamanda Azərbaycan hakimiyyəti ilə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, Avropa Şurası institutları ilə əməkdaşlığın bərpası insan hüquqları, media azadlığı və hüququn aliliyi sahəsində problemlərin müzakirəsi üçün imkan yarada bilər.


