Tofiq Yaqublu 17 saylı cəzaçəkmə müəssisəsində işıq və su probleminin olduğunu bildirib
17 saylı Cəzaçəkmə Müəssisəsində elektrik enerjisi və su təchizatında ciddi problemlərin yarandığı bildirilir.
Müəssisədə saxlanılan müxalif siyasətçi Tofiq Yaqublu bu barədə qızı Nigar Həzi vasitəsilə ictimaiyyətə məlumat çatdırıb.
Nigar Həzi atasına istinadən bildirib ki, müəssisədə təxminən bir həftədir elektrik enerjisi gün ərzində cəmi bir-iki saat verilir. Onun sözlərinə görə, yay istisində soyuducuların işləməməsi ərzaqların xarab olmasına, məhbusların isə sərin su və normal məişət şəraitindən məhrum qalmasına səbəb olur.
Bildirilib ki, son günlər müəssisədə su təchizatı da dayanıb. Nigar Həzi 17 saylı Cəzaçəkmə Müəssisəsində şəraitin darısqal və antisanitar olduğunu, işıq və su probleminin vəziyyəti daha da ağırlaşdırdığını qeyd edib.
Azərbaycanda həbsxanalardakı kommunal və məişət şəraiti ilə bağlı məhbuslar və onların yaxınları tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir. Rəsmi qurumlar isə bu cür iddiaları adətən qəbul etmirlər.
Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. Tofiq Yaqublu ittihamları qəbul etmir və həbsini siyasi motivli hesab edir.


