İnsan Hüquqları

Helsinki Komitəsi: Azərbaycanda qadın jurnalistlərin həbsi misli görünməmiş səviyyəyə çatıb

Hörümcək 13.06.2026 🕒 2 dəq oxuma

Norveç Helsinki Komitəsi Azərbaycanda qadın jurnalistlərin həbsi ilə bağlı narahatlıq ifadə edib.

Təşkilatın yaydığı açıqlamada bildirilir ki, ölkənin müstəqillik dövründə ilk dəfə olaraq eyni vaxtda bu qədər qadın jurnalist həbsdə saxlanılır.

“Qadın jurnalistlərin təhlükəsiz olmayan şəraitdə saxlanılması onların sağlamlığı üçün ciddi risk yaradır. Bəzi jurnalistlər ciddi sağlamlıq problemləri ilə üzləşir və həbsxana şəraitində lazımi tibbi yardım təmin edilmir”, – deyə açıqlamada qeyd olunur.

Komitə xüsusilə “Meydan TV”nin baş redaktoru Aynur Elgünəşin vəziyyətinə diqqət çəkib. Bildirilib ki, fiziki məhdudiyyətli olan jurnalist bir neçə əməliyyat keçirib və davamlı tibbi nəzarətə ehtiyac duyur. Onun həbsdə saxlanılması həyatı üçün təhlükə yarada bilər.

Açıqlamada həmçinin “Abzas Media” və “Meydan TV” ilə əməkdaşlıq etmiş daha səkkiz qadın jurnalistin – Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, Aytac Əhmədova, Aysel Umudova, Xəyalə Ağayeva, Fatimə Mövlamlı və Ülviyyə Əli – çirkli pulların yuyulması ittihamı ilə həbs edildiyi qeyd olunub.

Norveç Helsinki Komitəsi onların dərhal azadlığa buraxılmasına çağırış edib.

Azərbaycan rəsmiləri isə jurnalistlərin həbslərinin peşə fəaliyyəti ilə bağlı olmadığını, konkret cinayət işləri üzrə aparılan istintaq çərçivəsində həyata keçirildiyini bildirirlər.

2023-cü ilin noyabrından etibarən “Abzas Media”, “Toplum TV” və “Meydan TV” ilə əlaqəli 20-dən çox media nümayəndəsi müxtəlif cinayət işləri üzrə həbs olunub. Onlar ittihamları qəbul etmir, həbsləri peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.

Yerli hüquq müdafiə təşkilatlarının məlumatına görə, hazırda Azərbaycanda 300-dən çox şəxs siyasi məhbus kimi tanınır. Beynəlxalq insan haqları qurumları isə hakimiyyəti müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı təzyiqləri dayandırmağa çağırır.

Paylaş:

Əlaqəli Məqalələr