Xəbərlər

Sevinc Vaqifqızı həbsxanadan yazır: “Yaxşı ki, sizi tutublar” deyə zarafat edirdilər

Hörümcək 18.08.2026 🕒 4 dəq oxuma

“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı nəşrin 10 illiyi münasibətilə qələmə aldığı yazıda jurnalist fəaliyyətlərini həbsxanada da davam etdirdiklərini və yayımladıqları materialların məhbusların saxlanma şəraitində müəyyən dəyişikliklərə səbəb olduğunu bildirib.

Vaqifqızı yazır ki, redaksiya əməkdaşlarının həbsi “Abzas Media”nın fəaliyyətini dayandırmayıb. Onun sözlərinə görə, jurnalistlər həbsdə olduqları müddətdə məhbusların problemlərini ictimailəşdirərək qida, geyim, yataq dəstləri, gigiyena vasitələri və digər təminatlarla bağlı çatışmazlıqları gündəmə gətiriblər.

“Həbsdə olsaq da, burada öz ‘ofisimizi’ açdıq və insanların şikayətlərini yayımlamağa başladıq”, – o yazıb.

“İki-üç gün sonra nəticəsini görürdük”

Sevinc Vaqifqızının sözlərinə görə, həbsxanada jurnalist fəaliyyətinin nəticəsini daha tez müşahidə etmək mümkün olub.

O iddia edir ki, məhbuslara qanunvericiliklə nəzərdə tutulan, lakin əvvəllər verilməyən bəzi təminatlar barədə materiallar yayımlandıqdan sonra vəziyyət dəyişib.

Vaqifqızı məhkəmələrə aparılan məhbusların əvvəllər səhərdən axşamadək yeməksiz saxlanıldığını, sonradan isə onlara konservləşdirilmiş qidaların verilməyə başlandığını bildirir.

“Biz yazırdıq və iki-üç gün sonra həmin yazıların nəticəsini görürdük. Bu da bizi daha çox həvəsləndirirdi”, – jurnalist qeyd edib.

Onun sözlərinə görə, məhbuslara geyim, yorğan-döşək, alt paltarı və gigiyenik vasitələrin verilməsində də dəyişikliklər müşahidə olunub.

“Kamera yoldaşlarımız da bizə mövzular verirdi”

Baş redaktor yazır ki, dəyişiklikləri görən digər məhbuslar da jurnalistlərə həbsxanadakı çatışmazlıqlar barədə məlumat verməyə başlayıblar.

“Kamera yoldaşlarımız da çatışmayan müxtəlif vasitələr barədə yazmağımızı təklif edirdilər. Onlar yazıların nəticə verdiyini görəndə həvəslənir, hətta zarafatla ‘yaxşı ki, sizi tutublar’ deyirdilər”, – Vaqifqızı bildirib.

O, jurnalistlərin həbsxanadakı fəaliyyətini qapalı müəssisələr üzərində ictimai nəzarətin bir forması kimi qiymətləndirir.

Vaqifqızının iddiasına görə, “Abzas Media”nın direktoru Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasında məhbuslara qarşı zorakılıq halları barədə hazırladığı hesabatdan sonra onun saxlanıldığı korpusda məhbusların döyülməsi halları dayanıb.

“İctimai nəzarət olmayanda qanunsuzluqlar davam edir”

Sevinc Vaqifqızı hesab edir ki, həbsxanada yaşadıqları jurnalistikanın ictimai nəzarət funksiyasının əhəmiyyətini daha aydın göstərib.

“Harada ictimai nəzarətin olduğunu hiss edirlərsə, özlərini qanun çərçivəsində aparırlar. Jurnalist və kənar nəzarət olmayanda isə adət etdikləri qanunsuzluqları davam etdirirlər”, – o yazıb.

Jurnalist həmçinin hazırda Azərbaycanda çoxsaylı media nümayəndələrinin həbsdə olmasının cəmiyyətdə jurnalist nəzarətini zəiflətdiyini düşünür.

Vaqifqızının sözlərinə görə, həbsxana təcrübəsi ona və həmkarlarına məhbusların gündəlik problemlərini, saxlanma şəraitini və penitensiar sistemdəki idarəçiliyi daha yaxından görmək imkanı verib.

“İndi həbsdəyik və onların problemlərini, yaşadıqlarını, üzləşdikləri hər şeyi bütün detalları ilə görür, hiss edirik. Yəqin ki, buna görə tutulmağımız lazım imiş”, – Sevinc Vaqifqızı yazısını yekunlaşdırıb.

Paylaş:

Əlaqəli Məqalələr