Mehriban Sadıqova: “Polis olmayan şəxslər saxta polis forması ilə ictimaiyyət qarşısına çıxırlar”
Mehriban Sadıqova yazır:
Bir neçə müddət əvvəl kəndimizdə (Maştağa – AG) bəzi şəxslərin özlərini şəhid ailəsi üzvü və Vətən müharibəsi iştirakçısı kimi təqdim etməsi ilə bağlı paylaşım etmişdim. Həmin vaxt bildirmişdim ki, məsələ araşdırılır və bütün detalları açıqlamaq düzgün olmaz.
Bu gün isə ortaya yeni suallar çıxır.
Əldə olan faktlar göstərir ki, polis əməkdaşı olmayan şəxslər polis forması geyinərək “bayram ” qeyd edirlər..
Ən təəccüblüsü isə odur ki, bu şəxslərlə bağlı tədbir görüldüyü bildirilsə də, onlar yenə də ictimai yerlərdə eyni davranışlarını davam etdirirlər. Belə olduğu təqdirdə görülən tədbir nədən ibarət olub? Qanunun tələblərinə niyə əməl olunmur? Belə hallara kim və niyə göz yumur?
Polis forması dövlətin rəsmi xidməti atributudur. Şəhid ailəsi statusu isə müqəddəs bir dəyərdir. Bunlardan əsassız istifadə edənlər də, buna şərait yaradanlar da cəmiyyət qarşısında cavab verməlidirlər.
Ümid edirəm ki, aidiyyəti dövlət qurumları bu məsələyə hüquqi qiymət verəcək, ictimaiyyət isə rəsmi və şəffaf cavab alacaq. Bu məsələ şəxsi deyil. Söhbət dövlət atributlarına, şəhid adına və qanunun aliliyinə hörmətdən gedir.
P.S. Ölkədə müqəddəs nə varsa, hər şeyi çirkaba bulaşdırırlar…


