Xəbərlər

Ülviyyə Əli: “Başıma gələcək hər hansı hadisəyə görə hakimiyyət məsuliyyət daşıyır”

Hörümcək 29.08.2026 🕒 3 dəq oxuma

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Ülviyyə Əlinin (Quliyeva) ailəsi onun 1 saylı Bakı İstintaq Təcridxanasındakı təhlükəsizliyindən narahat olduğunu bildirir.

Jurnalistin anası İlhamə Mehmanlının sözlərinə görə, təxminən bir həftə əvvəl Ülviyyə Əlinin saxlanıldığı kameraya ərini öldürdüyünü deyən qadın yerləşdirilib. Ailə həmin şəxsin kameraya yerləşdirilməzdən əvvəl psixoloji müayinədən keçirilmədiyini iddia edir.

Mehmanlı bildirib ki, qızı kamerasının dəyişdirilməsi üçün təcridxananın rəisi Elnur İsmayılova müraciət etsə də, müraciətinə cavab verilməyib. Ailəyə müəssisə rəhbərinin işdə olmadığı bildirilib.

Jurnalistin anası hadisənin təsadüfi olmadığını və qızına təzyiq məqsədi daşıdığını düşünür. Onun sözlərinə görə, kameraya yerləşdirilən qadın hələ də affekt vəziyyətindədir. Mehmanlı məsələ ilə bağlı Ombudsmana müraciət etdiyini, Penitensiar Xidmətdən isə zənglərinə cavab ala bilmədiyini deyib.

Ülviyyə Əli də yaxınları ilə telefon danışığında baş verənləri jurnalist fəaliyyəti, həbsxanada yazdığı məqalələr və saxlanma şəraitinə etirazları ilə əlaqələndirib.

“Mənə qarşı atılan bu addımla İqbal Əbilovla etdiyim müsahibəyə və Bakı İstintaq Təcridxanasında havalandırma sisteminin işləməməsi ilə bağlı etdiyim etiraza görə cəzalandırılıram. Ümumiyyətlə, həbsxanada yazdığım məqalələrə və etdiyim etirazlara görə qərəzli münasibətlə qarşılaşıram. Bir neçə ay əvvəl də özünə xəsarət yetirən bir şəxsi kamerama yerləşdirmişdilər. Başıma gələcək hər hansı hadisəyə görə hakimiyyət məsuliyyət daşıyır”, – jurnalist yaxınlarına bildirib.

Ülviyyə Əlinin sosial şəbəkə hesabında yayılan açıqlamada qeyd olunur ki, yeni gətirilmiş şəxsin psixoloji müayinədən keçirilmədən onun kamerasına yerləşdirilməsi istintaq təcridxanalarının daxili intizam qaydalarına ziddir.

Qaydalara əsasən, müəssisəyə yeni gətirilən şəxslərin tibbi və psixoloji müayinədən keçirilməsi, həmçinin digər şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yarandığı halda müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi nəzərdə tutulur.

Ülviyyə Əli 6 may 2025-ci ildə “Meydan TV işi” çərçivəsində həbs olunub. O, qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və saxta sənədlərlə bağlı bir sıra maddələrlə ittiham edilir.

Jurnalist ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Ailənin təhlükəsizliklə bağlı son iddialarına Penitensiar Xidmətin mövqeyi açıqlanmayıb.

Paylaş:

Əlaqəli Məqalələr