Müstəqil media qurumları sosial şəbəkə hesablarına hücumlarla bağlı birgə bəyanat yaydı
Azərbaycanın bir sıra müstəqil media qurumları sosial şəbəkə hesablarına qarşı son günlər artan müəllif hüquqları şikayətləri və bloklamalarla bağlı birgə bəyanat yayıblar.
Bəyanatı “Abzas Media”, “Meydan TV”, “Toplum TV”, “Azadlıq” qəzeti, “HamamTimes”, “Azərbaycan Saatı”, “Qəzetçi” və “Mikroskop Media” imzalayıb.
Media qurumlarının bildirdiyinə görə, son günlər Azərbaycandan kənarda fəaliyyət göstərən bir sıra müstəqil redaksiyaların və jurnalistlərin sosial media hesabları ardıcıl rəqəmsal hücumların və müəllif hüquqlarının pozulması ilə bağlı çoxsaylı şikayətlərin hədəfinə çevrilib.
Bəyanatda qeyd olunur ki, müəllif hüquqları ilə bağlı şikayətlərdən sonra “Abzas Media” və “Toplum TV”nin “Instagram” səhifələri bloklanıb. Bundan əvvəl “Azadlıq” qəzetinin “Facebook” və “Instagram”, “Azərbaycan Saatı”nın isə “Instagram” hesablarının eyni üsulla bloklandığı bildirilir. “Meydan TV” və “HamamTimes”ın da analoji şikayətlərlə üzləşdiyi qeyd edilir.
Media qurumları baş verənləri təsadüfi hadisələr deyil, “müstəqil medianı susdurmağa yönəlmiş daha geniş təzyiq və repressiya kampaniyasının davamı” kimi qiymətləndirirlər.
Bəyanat müəllifləri iddia edirlər ki, müxtəlif vaxtlarda yayımlanmış və bir-biri ilə əlaqəsi olmayan jurnalist materiallarına qarşı oxşar üsulla ardıcıl müəllif hüquqları şikayətləri göndərilir. Onların araşdırmasına görə, bəzi şikayətlər eyni şəxslər və elektron poçt ünvanları ilə əlaqəlidir, fərqli adlardan edilən digər müraciətlərdə isə oxşar məlumat və sxemlər təkrarlanır.
Media qurumları bunu hücumların koordinasiyalı ola biləcəyinin göstəricisi hesab edir. Bəyanatda müəllif hüquqlarının qorunması mexanizmlərindən müstəqil medianın auditoriyaya çıxışını məhdudlaşdırmaq məqsədilə sui-istifadə edildiyi iddia olunur.
Bəyanatda “Meta” və digər sosial media platformalarına müraciət edilərək şikayətlərin mənbələrinin, təkrar istifadə olunan elektron poçt ünvanlarının və şikayətçilərin mübahisəli materiallar üzərində həqiqətən müəllif hüquqlarına sahib olub-olmadığının araşdırılması tələb edilir.
Media qurumları “Meta”nı bloklanmış hesabları təcili şəkildə yenidən nəzərdən keçirməyə və əsassız şikayətlər nəticəsində deaktiv edildiyi iddia olunan səhifələri bərpa etməyə çağırıblar.
Bəyanatda Azərbaycan hökumətinə də çağırış yer alıb. İmzaçılar jurnalistlərin həbsinə, cinayət təqibinə, saytların bloklanmasına və müstəqil media qurumlarının fəaliyyətinin məhdudlaşdırılmasına son qoyulmasını, həbsdə olan jurnalistlərin azad edilməsini tələb edirlər.
“Jurnalistləri həbs etməklə, redaksiyaları ölkədən çıxmağa məcbur etməklə, saytları bloklamaqla və indi də sosial media hesablarını əsassız müəllif hüquqları şikayətləri ilə sıradan çıxarmaqla müstəqil medianı susdurmaq cəhdləri qəbuledilməzdir”, – birgə bəyanatda deyilir.
Sənədin müəllifləri beynəlxalq media azadlığı və rəqəmsal hüquqlar təşkilatlarını da baş verənləri izləməyə və sosial media platformalarından şəffaf və operativ reaksiya tələb etməyə çağırıblar.
Bəyanatın sonunda müstəqil media qurumları təzyiqlərə baxmayaraq fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.


