Ramiz Mehdiyevin işi Ağır Cinayətlər Məhkəməsində: hakimiyyət daxilində çürümənin dosyesi açılır
Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hökumətə yaxın media qurumlarının məlumatına görə, işə hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. İlk məhkəmə iclasının sentyabrın 21-nə təyin edildiyi bildirilir.
Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və rüşvət almaqda ittiham olunur.
Bu ittihamlar təkcə bir keçmiş məmurun işi deyil. Söhbət uzun illər Azərbaycan hakimiyyətinin ən qapalı və ən təsirli fiqurlarından biri olmuş şəxsdən gedir. Mehdiyev illərlə Prezident Administrasiyasına rəhbərlik edib, siyasi qərarların, kadr siyasətinin və ölkədə avtoritar idarəetmə mexanizmlərinin əsas fiqurlarından biri sayılıb.
Onun barəsində cinayət təqibi 2025-ci ilin oktyabrında başlayıb. Oktyabrın 14-də Səbail Rayon Məhkəməsi Mehdiyev haqqında dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Daha sonra ev dustaqlığı müddəti bir neçə dəfə uzadılıb.
İndi isə işin Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi hakimiyyət daxilində illərlə toxunulmaz hesab edilən şəxslərin də siyasi proseslərin alətinə çevrilə biləcəyini göstərir.
Eyni iş çərçivəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də həbs olunub. Onlar ittihamları rədd edir və həbslərinin siyasi sifariş əsasında həyata keçirildiyini bildirirlər.
Bu məqam işi daha da ziddiyyətli edir: bir tərəfdə illərlə hakimiyyət sisteminin mərkəzində olmuş Ramiz Mehdiyev var, digər tərəfdə isə uzun illərdir hakimiyyətin təzyiqinə məruz qalan müxalifət liderləri.
Əsas sual isə açıq qalır: bu proses həqiqi ədalət axtarışıdır, yoxsa hakimiyyət daxilində köhnə hesablaşmaların yeni mərhələsi?
Ramiz Mehdiyevin məhkəməsi təkcə bir şəxsin taleyini yox, Azərbaycan hakimiyyətinin illərlə gizlədilən daxili mexanizmlərini də gündəmə gətirə bilər. Bu işdə cavab gözləyən suallar çoxdur: korrupsiya şəbəkələri, siyasi sifarişlər, dövlət resurslarının mənimsənilməsi və hakimiyyətin qaranlıq qərarları barədə həqiqətlər məhkəmədə açılacaqmı?
Yoxsa bu proses də əvvəlkilər kimi seçilmiş hədəflərin cəzalandırılması, amma sistemin özünün qorunması ilə yekunlaşacaq?


