İnsan Hüquqları

Beynəlxalq jurnalist təşkilatları “Toplum TV işi” üzrə hökmü pisləyib

Hörümcək 28.07.2026 🕒 2 dəq oxuma

Avropa Jurnalistlər Federasiyası və Beynəlxalq Jurnalistlər Federasiyası “Toplum TV işi” üzrə çıxarılan hökmə etiraz bildirərək həbs olunan jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edib.

Təşkilatların birgə bəyanatında məhkəmə hökmünün siyasi xarakter daşıdığı və Azərbaycanda peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə qarşı təzyiq siyasətinin davamı olduğu bildirilib.

Avropa Jurnalistlər Federasiyasının baş katibi Rikardo Qutyerres verilən cəzaları son dərəcə qeyri-mütənasib adlandırıb. O bildirib ki, hökm Azərbaycandakı tənqidi səsləri susdurmaq məqsədi daşıyır.

Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Antoni Bellanje isə məhkəmə qərarını jurnalistlərə qarşı repressiya və qorxutma siyasətinin tərkib hissəsi kimi qiymətləndirib. O, bu prosesin beynəlxalq ictimaiyyət tərəfindən izlənildiyini vurğulayıb.

İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə hökm elan olunub. Akif Qurbanov və Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli və Əli Zeynalov 14 il, Ramil Babayev, Müşfiq Cabbarov və İlkin Əmrahov 13 il, Fərid İsmayılov və Elmir Abbasov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Elmir Abbasov məhkəmə zalında həbs olunub.

Məhkəmə təqsirləndirilən şəxslərin hər birini əlavə olaraq 2 il 6 ay müddətinə müəyyən vəzifələr tutmaq hüququndan da məhrum edib.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında media nümayəndələri, ictimai-siyasi fəallar və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları var.

Təqsirləndirilən şəxslərə əvvəlcə qaçaqmalçılıq ittihamı irəli sürülsə də, sonradan ittihamlar ağırlaşdırılıb. Onlar ittihamları qəbul etmir və həbslərinin siyasi sifariş əsasında həyata keçirildiyini bildirirlər.

Paylaş:

Əlaqəli Məqalələr