Jurnalist Elnur Şükürov həbs edildi
Azərwatch xəbər verir ki, bununla bağlı Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 221.2-ci (ağırlaşdırıcı hallarda xuliqanlıq) və 188.1-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına zəbt etmə və digər qanunsuz hərəkətlər) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, bir neçə gün əvvəl Elnur Şükürov sosial şəbəkə hesablarında video paylaşaraq Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevdən şikayət etmişdi. O, icra başçısının əl-qol hərəkətləri ilə danışdığını, özünü Pirşağı Bələdiyyəsinin nümayəndəsi kimi təqdim edən şəxs tərəfindən zorakılığa məruz qaldığını və hədə-qorxu ilə üzləşdiyini bildirmişdi. Həmçinin ona məxsus torpaq sahəsinə qanunsuz daxil olunduğunu iddia etmişdi.
Qeyd edək ki, Elnur Şükürov 2022-ci ildə də həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 178.2.1, 32.4, 312.2, 312-1.1 və digər maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan Ali Məhkəmə cəzasını 3 ilə endirmiş, Şükürov isə 2025-ci ilin sentyabrında azadlığa buraxılmışdı.


