Hicab məhdudiyyətinə etiraz olaraq aclıq edən məhbusdan 22 gündür xəbər yoxdur
Azərbaycanda məktəblərdə hicabla bağlı məhdudiyyətlərə etiraz olaraq oktyabrın 16-dan aclıq aksiyasına başladığı bildirilən məhbus Elman Şeydayevdən 22 gündür ailəsinin xəbər ala bilmədiyi deyilir.
Yaxınlarının bildirdiyinə görə, 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Elman Şeydayev aclıq aksiyasına başladıqdan sonra cərimə kamerasına – “karser”ə salınıb. Bundan sonra onun ailəsi ilə əlaqəsi kəsilib.
Ailə digər məhbusların yaxınlarından əldə etdiyi məlumata əsasən Şeydayevin sonradan 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyünü bildirir. Lakin yaxınları onun hazırda hansı vəziyyətdə olduğu, aclıq aksiyasını davam etdirib-etdirmədiyi və səhhəti barədə rəsmi məlumat ala bilmədiklərini deyirlər.
Elman Şeydayev 2022-ci ilin fevralında narkotik ittihamı ilə həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesin yekununda o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
Şeydayev ona qarşı irəli sürülən ittihamları qəbul etmir.
Ailəsinin onun saxlanma şəraiti və səhhəti ilə bağlı səsləndirdiyi iddialara Penitensiar Xidmətin münasibəti hələlik məlum deyil.


