Xəbərlər

ABŞ və İran sülh memorandumu imzalayıb: atəşkəs, Hörmüz boğazının açılması və böyük maliyyə paketi nəzərdə tutulur

Hörümcək 18.06.2026 🕒 4 dəq oxuma

ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılmasını və Hörmüz boğazının açılmasını nəzərdə tutan memorandum imzalanıb.

Məlumata görə, sənədi ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian imzalayıb. Tramp sənədə Fransada keçirilən G7 sammiti çərçivəsində imza atıb, daha sonra razılaşmanın surəti təsdiq üçün İran tərəfinə göndərilib.

Fransa Prezidenti Emmanuel Makronun yaydığı videoda Trampın sənədi imzalayarkən “Bu, asan olmadı” dediyi eşidilir.

İran hakimiyyəti də prezident Məsud Pezeşkianın memorandumu imzaladığını açıqlayıb. Razılaşmanın qüvvəyə minməsi ilə bu sənəd 1979-cu il İslam inqilabından sonra ABŞ və İran prezidentləri tərəfindən birgə imzalanan ilk belə sənəd kimi təqdim olunur.

Sazişin əsas müddəaları

14 bənddən ibarət memorandumda aşağıdakı məsələlər nəzərdə tutulur:

  • bütün cəbhələrdə dərhal atəşkəs;
  • Hörmüz boğazında dəniz blokadasının aradan qaldırılması və gəmiçiliyin bərpası;
  • İrana qarşı neft sanksiyalarının götürülməsi;
  • ABŞ qoşunlarının İran ətrafındakı bəzi ərazilərdən çıxarılması;
  • İranın bərpası üçün 300 milyard dollarlıq maliyyə dəstəyi;
  • dondurulmuş 24 milyard dollarlıq İran aktivlərinin açılması;
  • nüvə proqramı ilə bağlı yekun razılaşma üçün 60 günlük danışıqlar mərhələsinin başlanması.

İran isə nüvə silahı hazırlamayacağı barədə öhdəlik götürüb.

Cenevrədə görüş planı

İlkin olaraq sənədin rəsmi imzalanma mərasiminin iyunun 19-da Cenevrədə keçirilməsi planlaşdırılırdı. Lakin İran Xarici İşlər Nazirliyi ayrıca mərasimin olmayacağını açıqlayıb.

Mənbələrə görə, tərəflər Hörmüz boğazının daha tez açılması məqsədilə prosesi sürətləndiriblər.

Bununla belə, Cenevrə görüşünün keçirilməsi gözlənilir. Görüşdə ABŞ vitse-prezidenti Cey Di Vens və İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın iştirakı ilə İranın nüvə proqramı üzrə danışıqların başlanması müzakirə olunacaq.

Hörmüz boğazı məsələsi

Tərəflər razılaşmanın əldə olunduğunu iyunun 15-də açıqlamışdılar. Həmin gün Donald Tramp ticarət gəmiləri və neft tankerlərinin artıq Hörmüz boğazından keçməyə başladığını bildirmişdi.

Lakin analitik şirkətlərin məlumatına görə, həmin vaxt yüzlərlə gəmi hələ də marşrutdan istifadə etmək üçün gözləyirdi.

Tramp xəbərdarlıq edib

İranda razılaşma müsbət qarşılanıb. İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bildirib ki, Tehranın hərbi əməliyyatlarla əldə etmək istədiyi məqsədlərin danışıqlar yolu ilə daha böyük nəticə ilə əldə olunduğunu düşünür.

Donald Tramp isə razılaşmadan sonra xəbərdarlıq edib ki, İran sazişin şərtlərini pozarsa, ABŞ hərbi əməliyyatları yenidən başlada bilər.

ABŞ Prezidenti həmçinin bildirib ki, razılaşmanın icrasından narazı qalacağı təqdirdə onun şərtlərini yerinə yetirməkdən imtina etmək hüququnu özündə saxlayır.

Paylaş:

Əlaqəli Məqalələr