Andaluniya əsərindən:
Getdikcə artan etirazları nəzarətdə saxlamaq, kütləvi aksiyaları dağıtmaq üçün çoxlu sayda xüsusi texnika alınmış, dəlixanalar və həbsxanalar tikilmişdi.
Ölkədə ruhi-əsəb dispanserlərinə rəsmi şəkildə məqsədli olaraq “dəlixana” deyilirdi. Bu ifadə insanlarda ikrah və qorxu hissini gücləndirmək üçün seçilmişdi və məqsədinə də çatırdı.
Dəlixana və həbsxana demişkən, ümumilikdə Andaluniyada 23 dəlixana və 128 həbsxana var idi. Onların təxminən 80 faizi məhz Abbas əfəndinin hakimiyyəti dövründə tikilmişdi.
Təkcə Bakka şəhərinin Sədəf dənizi sahilində yerləşən Nurxana kəndində 2 həbsxana və 4 dəlixana fəaliyyət göstərirdi.
Bir anlıq təsəvvür edin…
Sədəf dənizinin sahillərini məşuq kimi tumarladığı Bakka şəhəri… Məscidlər, neft buruqları, gözoxşayan hündür binalar… Və bütün bu mənzərənin fonunda ucalan dəlixanalar və həbsxanalar…
P.S. Çox güman ki, dəlixana ilə incəsənət və ya elm adamlarını, ziyalıları qorxudacaqlar. Ola bilsin ki, növbəti həftələrdə (və ya günlərdə) hansısa etiraz etmiş (və ya edəcək) incəsənət və ya elm adamlarını dəlixanaya bassınlar. Bu artıq son mərhələdir. Ziyalıların yarısı mühacirətdə, yarısı da həbs və dəlixanada, sosial partlayış olduğu vaxtda hakimiyyət xalqın qəzəbli qisas hissi ilə baş-başa qalacaq. Qırğın olacaq…


