AİHM Tofiq Yaqublu və iki müsavatçının şikayətləri üzrə qərar verib
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu, eləcə də müsavatçı fəallar Əziz Məmiyev və İdris Əmiraslanın şikayətləri üzrə qərarını açıqlayıb.
İş Azərbaycanda dinc etiraz aksiyaları zamanı sərbəst toplaşmaq azadlığına müdaxilə ilə bağlıdır.
Tofiq Yaqublu AİHM-ə müraciətində 2022-ci il noyabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirdiyi aksiyada saxlanılmasından şikayət edib.
Həmin aksiya “Siyasi partiyalar haqqında” qanunvericiliyə təklif edilən dəyişikliklərə etiraz məqsədilə təşkil olunmuşdu. Yaqublu bildirib ki, dinc aksiya polis tərəfindən dağıdılıb, özü saxlanılaraq polis bölməsinə aparılıb.
Əziz Məmiyev və İdris Əmiraslanın şikayətləri isə 2021-ci il dekabrın 15-də Bakının Fəvvarələr meydanında keçirilən etiraz aksiyası ilə bağlı olub.
Həmin aksiya Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin həbsinə etiraz olaraq təşkil edilmişdi.
Məmiyev və Əmiraslan bildiriblər ki, dinc aksiyada iştirak etdikləri zaman polis tərəfindən saxlanılıblar. Onların sözlərinə görə, polis bölməsində 2-3 saat saxlanıldıqdan sonra sərbəst buraxılıblar.
Şikayətlərdə əsas mübahisə aksiya iştirakçılarının saxlanılmasının və dinc toplantılara müdaxilənin Avropa İnsan Hüquqları Konvensiyası ilə təmin olunan sərbəst toplaşmaq azadlığına uyğun olub-olmaması ilə bağlıdır.


