CPJ “Toplum TV işi” üzrə məhbusların cərimə kamerasına salınmasına etiraz etdi
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Toplum TV işi” üzrə həbsdə olan şəxslərin cərimə kamerasına – “kars”a salınmasından narahatlığını ifadə edib.
Təşkilatın Avropa və Mərkəzi Asiya bölməsi avqustun 24-də bununla bağlı bəyanat yayıb.
“İş üzrə 15 ilə qədər həbs cəzası almış jurnalistlər və digərləri öz fəaliyyətlərinə görə həbsdə olmamalıdırlar. Jurnalistika cinayət deyil”, – CPJ-nin açıqlamasında bildirilib.
Məlumata görə, “Toplum TV işi” üzrə həbsdə olan III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli və Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Əli Zeynal avqustun 19-da 7 gün müddətinə cərimə kamerasına salınıblar.
Buna onların həbsxanada içməli su çatışmazlığına etiraz etmələrinin səbəb olduğu bildirilir.
İki gün sonra IDI rəhbəri Akif Qurbanov, qurumun əməkdaşı Ramil Babayev və “Toplum TV” əməkdaşı Fərid İsmayılov da 5 gün müddətinə “kars”a salınıblar. Bildirilir ki, onların cəzalandırılmasına Ruslan İzzətli və Əli Zeynalın cərimə kamerasına salınmasına etiraz etmələri səbəb olub.
Beləliklə, iş üzrə həbsdə olan 5 nəfərin cərimə kamerasına salındığı bildirilir.
“Toplum TV işi” üzrə həbslər 2024-cü ilin martında başlayıb. 2026-cı il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi iş üzrə təqsirləndirilən şəxslər barəsində 12 ildən 15 ilədək həbs cəzaları çıxarıb.
Onlara qaçaqmalçılıq və digər cinayət əməlləri ilə bağlı ittihamlar irəli sürülüb. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, həbslərinin siyasi motivli olduğunu və peşə, ictimai-siyasi fəaliyyətləri ilə əlaqəli olduğunu bildirirlər.


