AŞPA deputatı: Azərbaycan Avropanın nə qədər “hüquqi nihilizmə” dözəcəyini sınağa çəkir
AŞPA deputatı İvan Raçan Azərbaycana qarşı koordinasiyalı hüquqi və siyasi təzyiqin artırılmasına, siyasi repressiyalarda iştirak edən vəzifəli şəxslərə qarşı hədəfli məsuliyyət tədbirlərinin tətbiqinə və həbsdə olan jurnalistlərin, hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyəti fəallarının dərhal azad edilməsinə çağırıb. O, azərbaycanlı jurnalist Abid Qafarova müsahibəsində bildirib ki, Avropa Şurası qətnamələrlə kifayətlənməməli, sərəncamında olan hüquqi mexanizmlərdən istifadə etməlidir.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı İvan Raçan Azərbaycandakı insan hüquqları vəziyyəti ilə bağlı qəbul edilmiş son qətnamənin yalnız siyasi bəyanat olaraq qalmamalı olduğunu bildirib.
Azərbaycanlı jurnalist Abid Qafarova müsahibəsində Raçan müstəqil media və vətəndaş cəmiyyətinə təzyiqlər, siyasi məhbuslar, Azərbaycanla AŞPA arasında münasibətlərin kəskinləşməsi, hədəfli sanksiyalar, Avropadakı azərbaycanlı mühacirlərin müdafiəsi, enerji maraqları və həbsdə olan 40 jurnalist və bloqerin azadlığı üçün başladılmış beynəlxalq petisiya barədə danışıb.
“Sənədləşdirmə özü-özlüyündə nəticə yaratmır”
Raçanın sözlərinə görə, AŞPA-nın qətnaməsi Azərbaycandakı vəziyyətin miqyasını rəsmi şəkildə sənədləşdirdiyi üçün mühüm ilk addımdır.
“Qətnamə mühüm ilk addımdır, çünki o, faktları, o cümlədən Azərbaycanda artıq heç bir müstəqil media qurumunun fəaliyyət göstərmədiyi və hazırda 36 jurnalistin həbsdə olduğu reallığını aydın şəkildə sənədləşdirir”, – deputat bildirib.
Lakin Raçan vurğulayıb ki, faktların sənədləşdirilməsi kifayət deyil:
“Təkcə sənədləşdirmə nəticə yaratmır.”
Onun fikrincə, növbəti mərhələdə Avropa Şurasının müxtəlif institutları arasında koordinasiyalı fəaliyyət həyata keçirilməlidir.
Deputat hesab edir ki, Avropa Şurasının Baş katibinə Avropa İnsan Hüquqları Konvensiyasının 52-ci maddəsini işə salaraq Azərbaycandan hüquqi izahat tələb etməsi üçün təzyiq göstərilməli, Nazirlər Komitəsi isə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra edilməməsinə prinsipial məsələ kimi yanaşmalıdır.
“Repressiyalar davam edərkən gözləmə otağında otura bilmərik”
Azərbaycanla AŞPA arasında siyasi dialoqun faktiki dayanması məsələsinə toxunan Raçan bildirib ki, Avropa Şurası Bakının əməkdaşlığı bərpa etməsini sonsuzadək gözləməməlidir.
“Assambleya Milli Məclisi dialoqu bərpa etməyə rəsmi şəkildə çağırıb, lakin repressiyalar davam etdiyi halda biz gözləmə otağında otura bilmərik”, – o deyib.
Raçanın sözlərinə görə, üzv dövlət əməkdaşlığı dayandırır və dialoqdan yayınırsa, Avropa Şurası gözləmə mövqeyindən aktiv hüquqi və siyasi təzyiq mərhələsinə keçməlidir.
Bu, AŞPA-nın Monitorinq Komitəsinin fəaliyyətinin gücləndirilməsini və Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsindən irəli gələn öhdəliklərinin qeyd-şərtsiz yerinə yetirilməsinin tələb olunmasını əhatə etməlidir.
Siyasi məhbusların azadlığı münasibətlərin bərpası üçün şərt olmalıdır
Abid Qafarovun siyasi məhbusların və həbsdə olan jurnalistlərin azad edilməsinin Azərbaycanla normal münasibətlərin bərpası üçün müzakirə olunmayan şərtə çevrilib-çevrilməməsi barədə sualına Raçan qəti cavab verib:
“Bəli, tamamilə.”
Deputat bildirib ki, ölkədə 300-dən çox siyasi məhbusun olduğu barədə məlumatlar fonunda həbsdəki jurnalistlərin, hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyəti fəallarının dərhal azad edilməsi, eləcə də onlara qarşı saxta ittihamların ləğvi normal münasibətlərin bərpası üçün minimum tələb olmalıdır.
Raçan hesab edir ki, azad edilən şəxslərin yenidən təqib olunmasının qarşısını almaq üçün yalnız məhbusların buraxılması kifayət deyil.
Azərbaycan hüquqi sistemdə struktur islahatları həyata keçirməli, ilk növbədə Venesiya Komissiyasının media, QHT və siyasi partiyalar haqqında qanunvericiliklə bağlı tövsiyələrini yerinə yetirməlidir.
Hədəfli tədbirlər “bütün əmr zəncirini” əhatə etməlidir
Müsahibədə siyasi motivli həbslər, işgəncə, saxta cinayət işləri və jurnalistlərin təqibində iştirak edən şəxslərdən ibarət konkret siyahının hazırlanması məsələsi də qaldırılıb.
Raçan geniş iqtisadi sanksiyalardansa konkret şəxslərə qarşı hədəfli tədbirləri daha effektiv hesab etdiyini bildirib.
“Ümumi sanksiyalar adi vətəndaşlara zərər vuran küt alətdir, hakim elita isə özünü onların təsirindən qoruyur. Hədəfli tədbirlər ən məntiqli və effektiv vasitədir”, – deputat deyib.
Onun fikrincə, belə siyahı yalnız həbsxana əməkdaşları, hakimlər və digər aşağı səviyyəli icraçılarla məhdudlaşmamalıdır.
“Bu, bütün əmr zəncirini, xüsusilə siyasi motivli təqibləri sifariş edən yüksək vəzifəli şəxsləri, günahkarları qoruyanları və sistemdən maliyyə baxımından faydalananları hədəfə almalıdır.”
Avropadakı azərbaycanlı mühacirlər qorunmalıdır
Müsahibənin digər mühüm mövzularından biri Azərbaycan hakimiyyətini tənqid edən və Avropa ölkələrində yaşayan jurnalist, fəal və siyasi mühacirlərin təhlükəsizliyi olub.
Raçan bildirib ki, Avropa dövlətləri Azərbaycanı tərk etmək məcburiyyətində qalan jurnalistlərin, müxalifət nümayəndələrinin və hüquq müdafiəçilərinin viza və sığınacaq müraciətlərinə xüsusi diqqətlə yanaşmalıdır.
Bununla yanaşı, siyasi motivli ittihamlara əsaslanan ekstradisiya tələbləri rədd edilməlidir.
Deputatın sözlərinə görə, siyasi təqib və ya transsərhəd repressiya təhlükəsi real olan şəxslərin deportasiyası da dayandırılmalıdır.
“İnsan hüquqları kommersiya praqmatizminə qurban verilə bilməz”
Abid Qafarov Avropa hökumətlərinin Azərbaycan qazına və enerji təhlükəsizliyinə marağı səbəbindən Bakıya qarşı daha sərt mövqe tutmaqdan çəkindiyi barədə sual da ünvanlayıb.
Raçan dəyərlərlə praqmatizm arasında real ziddiyyətin mövcudluğunu etiraf edib.
Onun sözlərinə görə, enerji təhlükəsizliyi və ikitərəfli ticarət Avropa Şurasına üzv bəzi ölkələrin hökumətlərində siyasi ətalət yaradır.
Lakin deputat vurğulayıb:
“Avropa Şurası dəyərlərə əsaslanan təşkilatdır və onun insan hüquqları, demokratiya və hüququn aliliyi kimi əsas sütunları kommersiya praqmatizminə qurban verilə bilməz.”
Raçan milli parlamentləri və AŞPA-nı Azərbaycanla bağlanan ikitərəfli enerji sazişləri üzərində daha güclü şəffaflıq və parlament nəzarəti yaratmağa çağırıb.
“Bu məsələnin köhnə xəbərə çevrilməsinə imkan verməyəcəyəm”
Abid Qafarov deputatdan növbəti üç-altı ay ərzində şəxsən hansı konkret addımları atacağını da soruşub.
Raçan bildirib ki, parlamentari kimi əsas öhdəliyi Azərbaycandakı repressiyaların gündəmdən çıxmasına imkan verməməkdir.
“Mənim parlamentari kimi şəxsi öhdəliyim bu vəziyyətin köhnə xəbərə çevrilməməsini təmin etməkdir.”
O, AŞPA-dakı mandatından institusional məsuliyyətin artırılması üçün istifadə edəcəyini, hədəfli məsuliyyət tədbirləri ilə bağlı təşəbbüsləri dəstəkləyəcəyini və imkan daxilində konkret işləri parlament müzakirələrinə çıxaracağını bildirib.
Deputatın sözlərinə görə, Azərbaycan cəmiyyəti görülən işlərin nəticəsini həbsdə olan jurnalist və fəalların müdafiəsinin Strasburqda Azərbaycanla münasibətlərdə “hər şey əvvəlki kimi davam etsin” yanaşmasına qarşı əsas maneələrdən biri olaraq qalıb-qalmaması ilə ölçə bilər.
Bakının “bir kağız parçası” reaksiyası
Müsahibənin ən diqqətçəkən hissələrindən biri Azərbaycan hakimiyyətinin AŞPA-nın 24 iyun qətnaməsini “bir kağız parçası” kimi təqdim etməsi ilə bağlı olub.
Abid Qafarov soruşub ki, əgər sənəd həqiqətən əhəmiyyətsizdirsə, Bakı niyə ona bu qədər sərt reaksiya verib və AŞPA ilə əməkdaşlıqdan yayınıb?
Raçan cavabında bildirib:
“Əgər qətnamə həqiqətən sadəcə bir kağız parçası olsaydı, Bakı bu qədər kəskin müdafiə mövqeyi tutmaz və Assambleya ilə əməkdaşlığını kəsməzdi.”
Onun sözlərinə görə, sənədin “kağız parçası” adlandırılması qətnamədə göstərilən faktlara hüquqi və siyasi cavab verə bilməməyin göstəricisidir.
Deputat xəbərdarlıq edib ki, Avropa Şurası yalnız yeni bəyanat və qətnamələrlə kifayətlənərsə, bunun ciddi nəticələri ola bilər:
“Əgər Avropa Şurası yalnız sözlərlə cavab verər və hüquqi alətlərindən koordinasiyalı şəkildə istifadə etməzsə, Bakı Avropanın nə qədər hüquqi nihilizmə dözəcəyini görmək üçün sərhədləri sınağa çəkəcək.”
Raçanın fikrincə, təşkilatın qaydalarının real şəkildə tətbiq olunması üçün üzv dövlətlərin hökumətləri siyasi iradə nümayiş etdirməlidir.
40 həbsdə olan jurnalist və bloqer üçün petisiyaya dəstək
İvan Raçan Azərbaycanda həbsdə olan 40 jurnalist və bloqerin azadlığa buraxılması tələbi ilə başladılmış beynəlxalq petisiyanı da imzalayıb.
Abid Qafarov ona dəstəyinə görə təşəkkür edərək belə petisiyaların yalnız mənəvi həmrəylik ifadəsi olaraq qalıb-qalmadığını soruşub.
Raçan bildirib ki, belə kampaniyaların əhəmiyyəti konkret məhbusların adlarını Avropa siyasətçilərinin qarşısına çıxarmasındadır.
“Belə petisiyalar mənəvi həmrəylikdən daha artıqdır. Onlar konkret adları və fərdi işləri Avropa qanunvericilərinin qarşısına çıxarır və həbsdə olan jurnalistlərin adsız statistikaya çevrilməsinin qarşısını alır.”
Deputatın sözlərinə görə, petisiyanın imzalanmasından sonrakı konkret addım həmin şəxslərin işlərinin parlament debatlarına, monitorinq prosedurlarına və Azərbaycan hakimiyyəti ilə ikitərəfli müzakirələrə daxil edilməsidir.
Raçan petisiyanı digər AŞPA deputatları arasında yaymağa hazır olduğunu da təsdiqləyib:
“Bəli, mən bu petisiyanı AŞPA-dakı həmkarlarım arasında məmnuniyyətlə paylaşacaq və dəstəkləyəcəyəm.”
Həbsdəki jurnalistlərə mesaj
Müsahibənin sonunda Abid Qafarov Raçandan hazırda Azərbaycan həbsxanalarında olan jurnalistlərə bir cümlə ilə müraciət etməsini istəyib.
AŞPA deputatı belə cavab verib:
“Azadlığınız bərpa olunana və jurnalist fəaliyyətinizə artıq cinayət kimi yanaşılmayana qədər əlimizdə olan parlament vasitələrindən istifadə etməyə davam edəcəyik.”
Raçanın müsahibədə səsləndirdiyi mövqenin əsas xətti ondan ibarətdir ki, Azərbaycandakı repressiyaları sənədləşdirən qətnamələr artıq konkret hüquqi, siyasi və institusional addımlarla müşayiət olunmalıdır.
Onun fikrincə, Avropa Şurasının etibarlılığı təkcə insan hüquqları pozuntularını pisləməsindən deyil, üzv dövlət kimi Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün öz hüquqi mexanizmlərindən nə dərəcədə istifadə edə bilməsindən asılı olacaq.
Müsahibəni apardı: Abid Qafarov


