Xəbərlər

Bəhruz Səmədovun səhhəti ilə bağlı narahatlıq: Gözlərinin görmə qabiliyyətinin kəskin pisləşdiyi bildirilir

Hörümcək 06.08.2026 🕒 2 dəq oxuma

Siyasi şərhçi Bəhruz Səmədovun səhhəti ilə bağlı narahatlıqlar artır.

Bu barədə ictimai fəal Rüstəm İsmayılbəyli paylaşım edərək bildirib ki, Bəhruz Səmədov Umbakı qəsəbəsində yerləşən penitensiar müəssisəyə köçürüldükdən sonra kiçik, qaranlıq və televiziyası olmayan kamerada saxlanılır.

Onun sözlərinə görə, uzun illər yazı fəaliyyəti ilə məşğul olması səbəbindən onsuz da zəif olan görmə qabiliyyəti həbs şəraitində daha da pisləşib.

Paylaşımda qeyd olunur ki, Bəhruz Səmədovu müayinə edən oftalmoloq ona yalnız göz damcısı təyin edib və mövcud şəraitdə saxlanılmasının səhhəti üçün uyğun olmadığını bildirib.

Rüstəm İsmayılbəyli Azərbaycan Ədliyyə Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Prezident Administrasiyasına müraciət edərək Bəhruz Səmədovun saxlanma şəraitinin dəyişdirilməsini və sağlamlığına zərər vura biləcək halların aradan qaldırılmasını istəyib.

O bildirib ki, Bəhruz Səmədovun həbsinin yaxın vaxtlarda iki ili tamam olacaq və onun səhhətində bərpaolunmaz fəsadların yaranmasının qarşısı alınmalıdır.

Rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyiblər.

Paylaş:

Əlaqəli Məqalələr