İnsan Hüquqları

Həbsdə olan İlkin Əmrahov ədliyyə nazirinə müraciət etdi: “Penitensiar Xidmətdə oftalmoloq axtarılır”

Hörümcək 01.07.2026 🕒 2 dəq oxuma

Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı, “Toplum TV işi” üzrə həbsdə olan İlkin Əmrahov ədliyyə naziri Fərid Əhmədova müraciət ünvanlayıb.

Müraciətdə Əmrahov Bakı İstintaq Təcridxanasında və ümumilikdə penitensiar sistemdə göz həkimi — oftalmoloq xidmətinin əlçatan olmamasından şikayət edib.

O bildirib ki, bu məsələ ilə bağlı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə dəfələrlə rəsmi müraciət edib. Əmrahovun sözlərinə görə, müraciətlərə cavab olaraq ona səhiyyə xidmətlərinin əlçatan olduğu bildirilsə də, faktiki olaraq oftalmoloq problemi həll olunmayıb.

“Penitensiar Xidmətdə oftalmoloq axtarılır. Tapan şəxsə mükafat söz vermişəm. İstəsəniz, siz də axtarışlara qoşulun”, — deyə İlkin Əmrahov ədliyyə nazirinə müraciətində yazıb.

Əmrahov qeyd edib ki, dövlət büdcəsindən 1500 məhbus üçün səhiyyə xidmətlərinə görə 200 min manat ayrılıb. Lakin onun sözlərinə görə, həbsdə olan şəxslərin bir çoxu bu vəsaitin necə xərcləndiyindən xəbərsizdir.

O, yaşlı məhbusların sınıq eynəklərlə gəzdiyini, göz ölçülərini müəyyənləşdirə bilmədiklərini bildirib və aidiyyəti qurumları qanunla üzərlərinə düşən tibbi təminat öhdəliyini yerinə yetirməyə çağırıb.

Əmrahovun sözlərinə görə, həmsöhbət olduğu digər şəxslər də oxşar problemin Penitensiar Xidmətin başqa təcridxana və cəzaçəkmə müəssisələrində mövcud olduğunu bildirirlər.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunsalar da, daha sonra ittihamların ağırlaşdırıldığı bildirilir. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir və həbs olunmalarını siyasi sifarişlə əlaqələndirirlər.

Paylaş:

Əlaqəli Məqalələr