İnsan Hüquqları

Hicab etirazından sonra Nardaranda güc nümayişi: maskalı polis, saxlanılanlar və informasiya qaranlığı

Hörümcək • 16.10.2026 • 🕒 5 dəq oxuma

Məktəblərdə hicablı şagird və müəllimlərə tətbiq edilən məhdudiyyətlər ətrafında gərginlik davam edərkən Bakının Nardaran qəsəbəsində polis nəzarətinin kəskin şəkildə artırıldığı bildirilir.

Nardaran sakinlərinin verdiyi məlumata görə, oktyabrın 16-da səhər saatlarından qəsəbəyə çoxsaylı polis qüvvələri, o cümlədən maskalı əməkdaşlar cəlb olunub. Sakinlər evlərdə və küçələrdə saxlanmaların həyata keçirildiyini desələr də, neçə nəfərin tutulduğu, onların hara aparıldığı və hansı hüquqi əsasla saxlanıldığı barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb.

Hadisələr məktəblərdə hicab məsələsi ilə bağlı son günlər keçirilən etirazlardan sonra baş verir. Nardaranda yerləşən 130 saylı məktəbin qarşısında da hicablı şagirdlərin dərsə buraxılmamasına etiraz aksiyası keçirilmiş, iştirakçılar dini şüarlar səsləndirmişdilər. DİN son etirazlarla bağlı Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə iş açıldığını və 37 nəfərin saxlanıldığını bildirib. Hüquq müdafiəçiləri isə ölkə üzrə saxlanılanların sayının 200-dən çox ola biləcəyini deyirlər. 

Saxlanılanların yaxınlarının bəzi hallarda onların harada olduğu barədə məlumat ala bilmədikləri də bildirilir. AzadlıqRadiosu oktyabrın 15-də bir sıra ailələrin saxlanılan yaxınlarının yerini müəyyənləşdirə bilmədiklərini yazıb. 

Nardaran sakinlərinin hazırda səsləndirdiyi əsas suallardan biri budur: məktəbli qızların hicab hüququ ilə bağlı etiraz niyə bütöv bir qəsəbədə geniş polis əməliyyatına çevrilir?

Qəsəbə uzun illərdir gücləndirilmiş polis nəzarətinin mövcud olduğu ərazilərdən biridir. 2015-ci ilin noyabrında Nardaranda keçirilən xüsusi əməliyyat zamanı ölənlər və çoxsaylı həbslər olmuş, sonrakı illərdə həmin hadisələrlə bağlı onlarla şəxs uzunmüddətli həbs cəzalarına məhkum edilmişdi. 

Bu səbəbdən indiki hadisələr Nardaran sakinləri arasında əvvəlki repressiv təcrübənin yenidən təkrarlana biləcəyi ilə bağlı narahatlıq yaradıb. Lakin hazırkı saxlanmaların sayı və konkret kimlərin tutulması ilə bağlı rəsmi qurumlar tam siyahı açıqlamayıb.

Hicab mübahisəsi artıq təkcə Nardaranla məhdudlaşmır. Bakı və müxtəlif rayonlardan hicablı məktəbli qızların dərsə buraxılmadığı barədə məlumatlar və görüntülər yayılıb. Yeni məktəbli geyimi qaydalarında “dünyəvilik prinsipinə uyğun olmayan” geyim elementlərinə məhdudiyyət nəzərdə tutulsa da, sənəddə hicab ayrıca adlandırılmır. Buna baxmayaraq, bir sıra məktəblərdə bu norma baş örtüyünün qadağan edilməsi kimi tətbiq olunur. 

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty International oktyabrın 16-da Azərbaycan hakimiyyətini hicablı qızların təhsil hüququnu məhdudlaşdırmamağa və dinc etirazçılara qarşı həbsləri dayandırmağa çağırıb. Təşkilat hicaba görə şagirdlərin sinif otaqlarına buraxılmamasını ayrı-seçkilik və təhsil, dini etiqad və ifadə azadlığı hüquqlarının pozulması kimi qiymətləndirib. 

Eyni zamanda, etirazlar zamanı zorakılıq və ya ictimai qaydanın pozulması halları baş veribsə, bunların hər biri ayrıca və fərdi qaydada araşdırılmalıdır. Lakin dinc etirazla mümkün hüquq pozuntusunun eyni kateqoriyada təqdim edilməsi, bütün etirazçıların kollektiv şəkildə təhlükə kimi göstərilməsi və onların ailələrinə saxlanma yeri barədə məlumat verilməməsi hüquqi dövlət prinsipləri ilə uzlaşmır.

Hazırda ən ciddi problem şəffaflığın olmamasıdır. Nardaranda neçə nəfərin saxlanıldığı, onların kim olduğu, hansı polis bölməsində və hansı statusda saxlanıldığı barədə rəsmi və tam məlumat açıqlanmayıb.

Məktəblərdə geyim qaydası ilə başlayan mübahisənin polis əməliyyatları və kütləvi həbslərlə davam etməsi isə artıq məsələni sırf “məktəbli forması” müzakirəsi olmaqdan çıxarır. Söhbət dini etiqad azadlığı, təhsil hüququ, sərbəst toplaşmaq hüququ və dövlətin etiraz edən vətəndaşlara hansı üsulla cavab verməsindən gedir.

Paylaş:

Əlaqəli Məqalələr