Fərid İsmayılov: “Hikmət Hacıyevə silah yox, mikrofon uzatmışam”
“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov həbsxanadan ictimaiyyətə müraciət edib. O, açıqlamasında jurnalist fəaliyyətinə görə təqib olunduğunu bildirib və ittihamları qəbul etmədiyini vurğulayıb.
Fərid İsmayılov qeyd edib ki, 28 aydır cinayət törətməkdə ittiham olunur, lakin heç vaxt hər hansı cinayətdə iştirak etməyib.
“Cinayət işi adlanan kağız yığınında mütəşəkkil dəstənin araşdırmaçı jurnalisti olduğum yazılır və araşdırdığım materiallar istintaq orqanı tərəfindən sübut kimi qiymətləndirilib. Bu fakt mənim niyə həbs olunduğumun sübutudur”, – deyə jurnalist bildirib.
O, “Toplum TV”də fəaliyyəti dövründə müxtəlif mövzular üzrə araşdırmalar hazırladığını qeyd edib. İsmayılov Söyüdlü və Nabatkənd hadisələri, parlamentdə baş verənlər, vətəndaşların şikayətləri və dövlət büdcəsi ilə bağlı araşdırmaları ictimaiyyətə çatdırdığını yazıb.
Jurnalist COP29 çərçivəsində Azərbaycan rəsmilərindən müsahibələr aldığını, o cümlədən Prezident Administrasiyasının xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə müsahibə apardığını bildirib.
“Hacıyevə silah yox, mikrofon uzatmışam, öldürməmişəm, sual vermişəm”, – Fərid İsmayılov yazıb.
O bildirib ki, “qanunsuz” hesab edilən suallarına, reportajlarına və araşdırmalarına görə ona 13 ilədək həbs cəzası istənilir.
Jurnalist müxtəlif cinayətlər üzrə nəzərdə tutulan cəzaları müqayisə edərək, ittihamların ağırlığını tənqid edib.
“Toplum TV”də fəaliyyətindən qürur duyduğunu deyən İsmayılov qeyd edib ki, jurnalist fəaliyyətinə görə peşman deyil və “bu hökumətin imtahanından qorxmadığını” bildirib.
Fərid İsmayılov “Toplum TV işi” çərçivəsində həbs olunan jurnalistlərdəndir. O və digər təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirirlər.


