Xəbərlər

Heyvan haqları fəalı polisin ona zorakılıq etdiyini bildirir

Hörümcək 01.07.2026 🕒 2 dəq oxuma

Heyvan hüquqları müdafiəçisi Nicat İsmayıl Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını iddia edir.

Fəalın sözlərinə görə, hadisə evinin yaxınlığında yerləşən kafelərdən birində baş verib. O bildirib ki, kafedən uzaqlaşarkən əvvəlcə orada olan bir qadınla, daha sonra isə polis əməkdaşları ilə arasında mübahisə yaranıb.

Nicat İsmayıl iddia edir ki, hadisə zamanı Firuz adlı polis əməkdaşı ona qəfil yumruq zərbəsi endirib.

“Kafedən uzaqlaşarkən orada əyləşən bir xanım mənə tərəf baxaraq ‘nəyə baxırsan?’ dedi. Ona ‘sənə baxmadığımı’ deyib yoluma davam etdim. Sonra arxadan bir polis əməkdaşı yaxınlaşıb eyni sualı verdi. Mən vəziyyəti izah etməyə çalışırdım ki, kənardan Firuz adlı digər polis əməkdaşı qəfil çənəmə yumruqla vurdu”, — deyə fəal bildirib.

Nicat İsmayıl hesab edir ki, ona qarşı zorakılıq bir neçə gün əvvəl İDEA Heyvanlara Qayğı Mərkəzinin küçə itlərinə münasibəti ilə bağlı tənqidi video yayması ilə əlaqəli ola bilər.

Onun sözlərinə görə, hadisədən sonra polis idarəsindən ona dəfələrlə zəng edilib və təhdid olunub.

Fəal bildirib ki, sahibsiz heyvanlara qarşı zorakılıq halları ilə bağlı ictimaiyyətə məlumat verdiyi üçün təzyiqlərlə üzləşdiyini düşünür.

Daxili İşlər Nazirliyinin və ya Sabunçu Rayon Polis İdarəsinin məsələ ilə bağlı mövqeyi hələlik məlum deyil.

Paylaş:

Əlaqəli Məqalələr