İnsan haqları müdafiəçisi Rüfət Səfərova 8 il həbs cəzası verilib
“Müdafiə Xətti” insan haqları müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hökm iyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub. Prosesə hakim Aygün Qurbanova sədrlik edib.
Məhkəmənin qərarına əsasən, Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum olunub. Bundan əvvəl dövlət ittihamçısı onun 9 il həbs cəzasına məhkum edilməsini istəmişdi.
Rüfət Səfərov 2024-cü il dekabrın 3-də həbs edilib. Ona Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Həmin maddələr üzrə 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Rüfət Səfərov və tərəfdarları ittihamları rədd edir və cinayət təqibinin onun insan haqları sahəsində fəaliyyəti ilə bağlı olduğunu bildirirlər.
Qeyd edək ki, Rüfət Səfərov 2015-ci ilin dekabrında Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışarkən prokurorluq orqanlarından istefa verdiyini açıqlamış və sistemdəki problemləri tənqid etmişdi. Bundan sonra o, korrupsiya ittihamı ilə həbs olunaraq 9 il azadlıqdan məhrum edilmişdi. Səfərov 2019-cu ilin martında Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
Yerli və beynəlxalq insan haqları təşkilatları Rüfət Səfərovun həbsi ilə bağlı narahatlıqlarını ifadə edib və onun işinin siyasi motivli ola biləcəyini bildiriblər.


