İlqar Məmmədov Prezidentə müraciət edib: “Siyasi fəaliyyətimə görə xəbərdarlıq edilir”
REAL Siyasi Komitəsinin üzvü İlqar Məmmədov Prezident İlham Əliyevə açıq müraciət ünvanlayıb.
Məmmədov bildirib ki, son vaxtlar onun siyasi fəaliyyətini dayandırmağa yönəlmiş “xəbərdarlıq” xarakterli açıqlamalar səsləndirilir və bu məsələyə dövlət başçısının münasibət bildirməsini istəyir.
Siyasətçi qeyd edib ki, ölkədə Prezidentin xəbəri və razılığı olmadan belə xəbərdarlıqların edilməsinin mümkün olub-olmadığını aydınlaşdırmaq istəyir.
“Ölkədə dövlət başçısının razılığı və bilgisi olmadan mənim siyasi fəaliyyətimi dayandırmaq məqsədini güdən xəbərdarlığı kimsə edə bilərmi?” – deyə o müraciətində sual edib.
İlqar Məmmədov bu cür açıqlamaların Prezidentdən qaynaqlandığına inanmaq istəmədiyini də vurğulayıb.
O bildirib ki, siyasi fəaliyyətini dinc və qanuni yollarla davam etdirir, 2020-ci ildən sonra siyasi fəaliyyətlə bağlı çətin dövrün geridə qaldığını düşünmək istədiyini qeyd edib.
Məmmədov həmçinin ictimai-siyasi fəaliyyətə yeni qoşulan gənclərin qorxu mühitində formalaşmasını istəmədiyini bildirərək Prezidentdən baş verənlərə münasibət açıqlamasını xahiş edib.
Müraciətə səbəb kimi Ağasif Şakiroğlunun İlqar Məmmədovun Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü ilə bağlı paylaşımını tənqid etməsi və onun ünvanına “son xəbərdarlıq” xarakterli ifadələr işlətməsi göstərilir.
İlqar Məmmədov 2013-cü ildə İsmayıllı hadisələri ilə bağlı həbs olunmuşdu. O, sonradan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra 2018-ci ildə azadlığa buraxılıb.


