Məcburi iməcilikdə öldüyü iddia olunan gəncin anası da intihar edib
Naxçıvanın Ordubad rayon sakini, 25 yaşlı Elvar Babayevin məcburi iməcilik zamanı günvurmadan öldüyü, anası Fatimə Babayevanın isə bu hadisədən bir gün sonra intihar etdiyi iddia olunur.
Yaxınlarının sözlərinə görə, hadisə baş verən gün havanın temperaturu 40 dərəcəni keçməsinə baxmayaraq, Elvar Babayev açıq havada işləməyə məcbur edilib. Bildirilir ki, o, səhhətində problemlər olduğunu əsas gətirərək iməciliyə qatılmamaq üçün icazə istəsə də, işdən çıxarılacağı ilə hədələnib.
İddialara əsasən, Elvar Babayevin vəziyyəti günorta saatlarında pisləşib. Yaxınları onun evə getməsinə icazə verilmədiyini, huşunu itirdikdən sonra xəstəxanaya çatdırıldığını, lakin həyatını xilas etməyin mümkün olmadığını bildirirlər.
Mərhumun yaxınlarının sözlərinə görə, Elvarın anası Fatimə Babayeva oğlunun ölümündə məsul şəxslərin cəzalandırılması üçün aidiyyəti qurumlara müraciət edib. Onlar iddia edirlər ki, müraciətə baxılmamasından sonra qadın oğlunun ölümündən cəmi bir gün sonra Vənəd kəndində yaşadığı evdə həyatına son qoyub.
Ailə üzvləri Elvar Babayevin ölümünün əsl səbəbinin gizlədildiyini, hadisənin ürək problemi kimi təqdim edilməsinə cəhd göstərildiyini iddia edirlər.
Hadisə ilə bağlı rəsmi qurumların mövqeyi və ya açıqlaması hələlik açıqlanmayıb.


