Məktəblərdə hicab məhdudiyyətinə etiraz edən Şahizər Hüseynovanın 4 aylıq həbs edildiyi bildirilir
İctimai fəal Şahizər Hüseynovanın həbs edildiyi bildirilir.
Bu barədə onun həyat yoldaşı, Müsəlman Birliyi Hərəkatının üzvü Ağa Hüseynov sosial şəbəkə hesabında məlumat yayıb.
Ağa Hüseynovun sözlərinə görə, o, polis əməkdaşı ilə danışıb və ona Şahizər Hüseynova barəsində 4 aylıq həbs qərarı verildiyi bildirilib.
Şahizər Hüseynova son günlər Azərbaycanda məktəblərdə hicablı şagird və müəllimlərlə bağlı tətbiq edilən məhdudiyyətlərə etiraz edən şəxslərdən biri kimi tanınır.
Yaxınları onun həbsinin də məhz hicab məsələsi ilə bağlı etirazları ilə əlaqəli olduğunu bildirirlər. Bununla belə, hansı cinayət maddəsi ilə ittiham olunduğu, hansı məhkəmənin onun barəsində həbs qətimkan tədbiri seçdiyi və hazırda harada saxlanıldığı barədə rəsmi məlumat açıqlanmayıb.
Son günlər məktəblərdə hicab məsələsi ilə bağlı etirazlar fonunda bir sıra şəxslərin saxlanıldığı barədə məlumatlar yayılır. Nardaranda və digər ərazilərdə polis nəzarətinin gücləndirildiyi, etirazlarda iştirak edən şəxslərin saxlanıldığı bildirilir.
Şahizər Hüseynovanın işi ilə bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və məhkəmə orqanlarının ayrıca açıqlaması hələlik ictimailəşməyib.
Hüquq-mühafizə orqanlarının mövqeyi açıqlandığı halda xəbər yenilənə bilər.


