İnsan Hüquqları

“QHT işi”: Asəf Əhmədova 8 il həbs cəzası verildi

Hörümcək 17.06.2026 🕒 2 dəq oxuma

“QHT işi” çərçivəsində təqsirləndirilən Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov barəsində hökm çıxarılıb.

İyunun 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan qərara əsasən, Asəf Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədən əvvəl dövlət ittihamçısı İxtiyar Şabanov çıxış edərək Asəf Əhmədovun 10 il müddətinə həbs edilməsini istəyib.

Asəf Əhmədov isə məhkəmədə son sözündə ona qarşı irəli sürülən ittihamları qəbul etməyib və ittihamların sübuta yetirilmədiyini bildirib.

O qeyd edib ki, dövlət ittihamçısının səsləndirdiyi arqumentlər hüquqi terminlərlə ifadə olunmuş fərziyyələrdən ibarətdir.

“Əvvəlki proseslərdə mənə qarşı irəli sürülən ittihamları maddə-maddə cavablandırmışam. İttihamın əsasını təşkil edən maddələr, o cümlədən Cinayət Məcəlləsinin 193-1-ci maddəsi üzrə heç bir sübut təqdim olunmayıb”, – deyə Asəf Əhmədov bildirib.

O, məhkəmə prosesinin yalnız öz taleyi ilə bağlı olmadığını, bu işin daha geniş ictimai məna daşıdığını vurğulayıb.

Qeyd edək ki, “QHT işi” çərçivəsində bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri barəsində cinayət işi başlanıb. Hüquq müdafiəçiləri və müstəqil müşahidəçilər belə proseslərdə vətəndaş cəmiyyəti institutlarına qarşı təzyiq risklərinin artdığını bildirirlər.

Asəf Əhmədov isə ittihamların siyasi motivli olduğunu və fəaliyyətinə görə cəzalandırıldığını müdafiə edir. Rəsmi qurumlar isə bu kimi işlərdə qərarların hüquqi əsaslarla verildiyini bildirirlər.

Paylaş:

Əlaqəli Məqalələr