Xəbərlər

Rusiya-Ukrayna müharibəsində iştirak etmiş azərbaycanlılara həbs cəzaları verilib

Hörümcək 11.06.2026 🕒 3 dəq oxuma

Rusiya-Ukrayna müharibəsində iştirak etdikləri üçün Azərbaycanda mühakimə olunan bir neçə şəxsə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzaları təyin edilib.

“Azadlıq Radiosu”nun məlumatına görə, məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilib və son günlərdə yekunlaşıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 32 yaşlı Beyləqan sakini Murov Mirhəşimli 3 il müddətinə azadlıqdan məhrum edilib. İttihama əsasən, o, 2023-cü ilin mart ayından 2024-cü ilin oktyabr ayınadək Ukrayna tərəfində döyüşlərdə iştirak edib.

Məhkəmədə özünü təqsirli bilməyən Mirhəşimli müharibəyə məcbur göndərildiyini iddia edib.

“Təzyiq göstərib seçim qarşısında qoydular: ya cinayət işi başlanacaq, ya da müharibəyə gedəcəyəm. Müharibəyə getməyə razılaşdım”, – o bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsi isə 33 yaşlı Fariz Hüseynovu 4 il azadlıqdan məhrum edib. O, 2024-cü ilin aprel-avqust aylarında Donetsk vilayətində Rusiya tərəfdən döyüşməkdə təqsirli bilinib.

Fariz Hüseynov məhkəmədə ittihamı qəbul edib və əməlindən peşman olduğunu bildirib.

Eyni məhkəmənin digər hökmü ilə 35 yaşlı Real Nəbiyev 5 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, o, Donetsk vilayətinin Baxmut şəhərində fəaliyyət göstərən “Vaqner” silahlı qruplaşmasının tərkibində döyüşlərdə iştirak edib.

Nəbiyev ifadəsində bildirib ki, müharibədən əvvəl Rusiyada həbsdə olub və məhkumlara azadlığa buraxılmaları müqabilində döyüşlərə qatılmaq təklif edilib.

Onun sözlərinə görə, iştirakçılara aylıq 220 min rubl əməkhaqqı və Rusiya vətəndaşlığı vəd olunub.

Hər üç şəxs Azərbaycan Cinayət Məcəlləsinin 12.1 və 279.1-ci maddələri ilə – ölkə hüdudlarından kənarda Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində iştirak etməkdə ittiham olunub.

Azərbaycan qanunvericiliyinə əsasən, xarici ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak cinayət məsuliyyəti yaradır və azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Paylaş:

Əlaqəli Məqalələr