Xəbərlər

Rusiyanın ən gənc siyasi məhbusu olmuş Arseni Turbin 18 yaşını təkadamlıq kamerada keçirir

Hörümcək 19.08.2026 🕒 4 dəq oxuma

Rusiyanın ən gənc siyasi məhbusu kimi tanınan Arseni Turbin avqustun 19-da 18 yaşını Permdəki 5 saylı istintaq təcridxanasının təkadamlıq kamerasında qarşılayıb.

Turbin 2023-cü ildə, 15 yaşında olarkən Rusiya Prezidenti Vladimir Putini tənqid edən vərəqələr yayması, müxalif siyasətçilərin paylaşımlarını sosial şəbəkələrdə bölüşməsi və Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz etməsi fonunda saxlanılıb.

O, 2024-cü ilin iyununda terror təşkilatında iştirak ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham “Azad Rusiya Legionu” ilə əlaqələrlə bağlıdır. İstintaq Turbinin Ukraynaya getməyi və hərbi obyektlərə qarşı diversiyalar həyata keçirməyi planlaşdırdığını iddia edib.

Turbin isə bu ittihamları rədd edir. O, Putin əleyhinə vərəqələri qonşularının poçt qutularına atdığını etiraf etsə də, bunu heç kimin göstərişi ilə etmədiyini bildirib.

Ailəsi onun etirafedici ifadə verməyə məcbur edildiyini iddia edir.

Navalnının paylaşımlarını da bölüşüb

Turbin 2024-cü ildə həbsxanada ölən rusiyalı müxalifət lideri Aleksey Navalnının paylaşımlarını sosial şəbəkələrdə bölüşüb və Moskvada onun məzarını ziyarət edib.

Ailə yaxınlarının sözlərinə görə, Turbin həbsxanaya göndərildikdən sonra ona qarşı yeni ittihamlar irəli sürmək üçün müxtəlif cəhdlər göstərilib. Onlar iddia edirlər ki, digər məhbuslar onu öz əleyhinə istifadə oluna biləcək söhbətlərə çəkməyə çalışıblar, daha sonra isə çarpayısının yanındakı dolaba qadağan edilmiş təşkilatı dəstəkləyən qeydlərin olduğu dəftər qoyulub.

Vəkilləri həmin dəftərin Turbinə aid olmadığını göstərən sübutlar təqdim etdiklərini bildirirlər.

Daha 8 il həbs təhlükəsi

Bu ilin yanvarında islah müəssisəsində baş verən iğtişaşdan sonra Turbinə qarşı yeni cinayət işi başlanıb.

O, iğtişaşda iştirak etməkdə ittiham olunur və yeni iş üzrə əlavə 3 ildən 8 ilədək həbs cəzası ala bilər.

Turbin ailəsinə hadisə baş verən zaman kamerasında televizora baxdığını deyib. Yaxınları yeni ittihamları onun əvvəlki ittihamları qəbul etməməsinə görə “qisas” kimi qiymətləndirirlər.

Rusiyada 107 uşağın həbsdə olduğu bildirilir

“Memorial” hüquq müdafiə təşkilatının iyunda açıqladığı hesabata görə, Rusiyada azyaşlıların siyasi motivli cinayət təqibinə məruz qalması ilə bağlı 427 hal sənədləşdirilib.

Təşkilat bildirir ki, 18 yaşına çatmamış 299 nəfər müxtəlif dövrlərdə azadlıqdan məhrum edilib, hazırda isə 107 uşaq həbsdədir. “Memorial” real rəqəmlərin daha yüksək ola biləcəyini qeyd edir.

Hesabatda müharibə əleyhinə paylaşımlar, vərəqələrin yayılması və qrafiti kimi əməllərin bəzi hallarda terrorçuluqla bağlı maddələrlə tövsif edildiyi bildirilir.

İndi Turbinin ailəsini onun 18 yaşı tamamlandıqdan sonra cəzasının qalan hissəsini harada çəkəcəyi narahat edir. Yaxınları onun Permdən daha uzaq bir müəssisəyə göndərilə biləcəyindən ehtiyatlanırlar.

Vəkillərinin işə yenidən baxılması üçün yuxarı instansiya məhkəməsinə, həmçinin Rusiya Prezidenti Vladimir Putinə müraciət hazırladıqları bildirilir.

Paylaş:

Əlaqəli Məqalələr