Şuşada milyonluq tikinti layihələri deputat oğlunun şirkətinə verilib
Şuşada yaşayış binalarının tikintisi ilə bağlı bir neçə iri dövlət layihəsinin icrası deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadəyə məxsus olduğu bildirilən “Diler İnşaat” QSC-yə həvalə edilib.
AzadlıqRadiosunun araşdırmasına görə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən keçirilən üç tenderin qalibi olan şirkətə ümumilikdə 66 milyondan çox vəsait ayrılıb.
Tenderlər çərçivəsində Şuşanın D-5 massivində altı yaşayış binasının tikintisinə təxminən 13 milyon manat, daha səkkiz yaşayış binası və yardımçı obyektlərin inşasına 24 milyon manatdan çox, D-3 massivində yeddi yaşayış binasının tikintisinə isə 29 milyon manatdan artıq vəsait nəzərdə tutulub.
Araşdırmada qeyd olunur ki, “Diler İnşaat” bundan əvvəl də Ağdamda on milyonlarla manat dəyərində dövlət sifarişləri alıb. Şirkət 2025-ci ildə Ağdam, Füzuli və Xocavənd rayonlarında həyata keçirilən layihələr üzrə təxminən 32 milyon manatlıq müqavilə bağlayıb. Bundan əlavə, Ağdam şəhərində yaşayış binalarının tikintisi ilə bağlı digər tenderlərin də qalibi olub.
İqtisadçı Zöhrab İsmayıl Qarabağdakı tikinti tenderlərinin şəffaf keçirilmədiyini iddia edib. Onun sözlərinə görə, iri həcmli layihələrin qaliblərinin əvvəlcədən müəyyənləşdirilməsi ilə bağlı şübhələr mövcuddur.
Məqalədə həmçinin Laçın, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında həyata keçirilən digər tikinti layihələrinin də yüksək vəzifəli şəxslərə və ya onların yaxınlarına bağlı olduğu iddia edilən şirkətlərə verildiyi qeyd olunur.
Hakimiyyət nümayəndələri isə bu cür ittihamları qəbul etmir və Qarabağda həyata keçirilən layihələrlə bağlı səsləndirilən korrupsiya iddialarının siyasi məqsədlər daşıdığını bildirirlər.


