Vüqar Məmmədovun ailəsi ilə əlaqə hüququ niyə təmin edilmir?
Hürriyyət TV-nin baş redaktoru, Birinci Qarabağ müharibəsinin qazisi Vüqar Məmmədov artıq 9 aydır həbsdə saxlanılır. Lakin məsələ təkcə həbsdə olmaq deyil. Məsələ ondadır ki, bu müddət ərzində ona qarşı qanunun və insan hüquqlarının ən elementar tələbləri belə tətbiq edilmir.
Vüqar Məmmədov ailəsi ilə nə telefon danışığı apara bilir, nə görüşə bilir, nə də ailəsinin göndərdiyi sovqatları qəbul edə bilir. Bir insanı azadlıqdan məhrum etmək başqa şeydir, onu ailəsindən tam təcrid etmək isə başqa.
Azərbaycan Respublikasının qanunvericiliyi və ölkənin qoşulduğu beynəlxalq konvensiyalar məhbusların ailə üzvləri ilə əlaqə saxlamaq hüququnu tanıyır. Bəs onda sual yaranır: Vüqar Məmmədov hansı qanuna əsasən bu hüquqlardan məhrum edilir?
Bu sualın cavabı yoxdur.
Əslində Vüqar Məmmədovun həbsi ilə bağlı ilk gündən ortaya çıxan əsas problem də budur. Ona qarşı irəli sürülən ittihamlar absurd, məntiqsiz və sifarişli xarakter daşıyır. Həqiqəti yazan, iqtidarı tənqid edən, korrupsiya və özbaşınalıqları gündəmə gətirən jurnalistin susdurulması üçün ona cinayət işi tikilməsi Azərbaycanda artıq yeni üsul deyil.
Bu gün Vüqar Məmmədov həbsdədir. Sabah başqa jurnalist, başqa ictimai fəal və ya başqa bir vətəndaş eyni aqibətlə üzləşə bilər. Çünki problem təkcə bir nəfərin taleyi deyil. Problem qanunun seçmə üsulla tətbiq olunmasıdır.
Xüsusilə də Birinci Qarabağ müharibəsinin qazisi olan bir şəxsin bu vəziyyətə salınması cəmiyyətə verilən çox təhlükəli mesajdır. Vaxtilə bu ölkənin torpaqları uğrunda döyüşmüş insan bu gün öz ölkəsində övladlarının səsini eşitmək hüququndan belə məhrum edilir.
Hakimiyyət nümayəndələri daim hüquqi dövlətdən, insan hüquqlarından və qanunun aliliyindən danışırlar. Əgər doğrudan da belədirsə, onda Vüqar Məmmədovun ailəsi ilə görüşə bilməməsinin izahı verilməlidir. Əgər belə bir izah yoxdursa, deməli ortada hüquq deyil, siyasi qərəz var.
Bir jurnalisti həbs etmək mümkündür. Onun qələmini əlindən almaq da mümkündür. Amma həqiqəti həbs etmək mümkün deyil.
Vüqar Məmmədovun ailəsi ilə əlaqə hüququ dərhal təmin edilməli, ona qarşı tətbiq olunan qanunsuz məhdudiyyətlər aradan qaldırılmalı və bu siyasi sifarişli işə son qoyulmalıdır.
Davam edən bu vəziyyət təkcə Vüqar Məmmədova yox, həm onun ailəsinə, həm də cəmiyyətə olan təzyiqdir.

Kamran Nəsirli
Jurnalist


