Tula vilayətində PUA hücumu nəticəsində 3 nəfər ölüb
Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın bir sıra bölgələrinə hücum etdiyi bildirilir.
Rusiya rəsmilərinin məlumatına görə, Tula vilayətində baş verən PUA hücumu nəticəsində 3 nəfər həyatını itirib.
Tula vilayətinin qubernatoru Dmitri Milyayev bildirib ki, gecə saatlarında baş verən hücum zamanı Yamnı, Maslovo, Mixalkovo və İnşinski yaşayış məntəqələrində fərdi evlərə və kommersiya obyektlərinə ziyan dəyib.
Hadisə nəticəsində 3 nəfərin öldüyü, daha 3 nəfərin, o cümlədən bir yaşlı uşağın xəsarət aldığı açıqlanıb.
Bundan başqa, Moskvaətrafı Reutov şəhərində də PUA hücumundan sonra sənaye zonasında yanğın baş verdiyi bildirilib. İlkin məlumatlarda hücumun hərbi-sənaye müəssisələrindən birinə yönəldiyi iddia olunub.
Moskva meri Sergey Sobyanin gecə saatlarında region üzərində 4 PUA-nın məhv edildiyini açıqlayıb.
Eyni gecə Rusiya ordusunun Ukrayna ərazisinə zərbələr endirdiyi barədə məlumat yayılıb. Kiyev və Xarkov şəhərlərində hücumlar nəticəsində ölən və yaralananların olduğu bildirilib.
Tərəflərin açıqladığı məlumatlar müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.


