İnsan Hüquqları

“Amnesty International” Nərgiz Absalamovanın səhhəti ilə bağlı İlham Əliyevə müraciət kampaniyasına başladı

Hörümcək 17.06.2026 🕒 2 dəq oxuma

Beynəlxalq insan hüquqları təşkilatı “Amnesty International” həbsdə olan “Abzas Media” jurnalisti Nərgiz Absalamovanın səhhəti ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan beynəlxalq məktub kampaniyasına başlayıb.

Təşkilat yaydığı bəyanatda bildirib ki, jurnalist artıq dörd aydır tibbi müayinədən keçirilməyib və onun sağlamlıq vəziyyəti ilə bağlı narahatlıq artır.

“Amnesty International” Azərbaycan hakimiyyətini Nərgiz Absalamovanın lazımi tibbi yardımla təmin olunmasına şərait yaratmağa, həmçinin “Abzas Media” işi üzrə həbs edilən digər əməkdaşlarla birlikdə onun azadlığa buraxılmasına çağırıb.

Kampaniya çərçivəsində Prezident İlham Əliyevə göndərilən müraciətdə qeyd olunur ki, Nərgiz Absalamova siyasi motivli hesab edilən ittihamlarla 8 il müddətinə azadlıqdan məhrum edilib və hazırda Lənkəran Penitensiar Kompleksində saxlanılır.

Təşkilatın məlumatına görə, jurnalistin həbsdən əvvəl mövcud olan sinusit xəstəliyi həbs müddətində ağırlaşıb. Bildirilir ki, Absalamova nəfəs darlığı və güclü baş ağrılarından əziyyət çəkir.

“Amnesty International” hesab edir ki, məhbusların tibbi yardıma çıxışı təmin edilməli və onların səhhəti ilə bağlı müraciətlər operativ şəkildə araşdırılmalıdır.

Nərgiz Absalamova 2023-cü ilin noyabrında “Abzas Media” işi üzrə saxlanılıb. O, digər jurnalistlərlə birlikdə qanunsuz sahibkarlıq, qaçaqmalçılıq və digər ittihamlarla təqsirləndirilib. Jurnalist və müdafiəçiləri ittihamları rədd edərək işi media fəaliyyətinə görə təzyiq kimi qiymətləndirirlər.

Azərbaycan rəsmiləri isə jurnalistlərin təqib edilmədiyini, cinayət işlərinin konkret hüquqi əsaslarla aparıldığını bildirirlər.

Paylaş:

Əlaqəli Məqalələr